Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
26 sentyabr tarixindən yeni mövsümə başlayıb.
Mədəniyyət ocağı Kote Marcanaşvili adına Dövlət Dram Teatrının
kiçik səhnəsində görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin
“Öldür məni, əzizim” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın
premyerasını keçirib.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Qiorqi Apxazava olan
səhnə əsərində rolları Aida Tağıyeva, Leyla Qasımova, Telman
İsfahanlı və Fuad İsfahanlı ifa ediblər.
Tamaşanın izəyiciləri olan azərbaycanlı gənclər, ziyalılar, iş
adamları, Azərbaycan səfirliyinin əməkdaşları və mətbuat
nümayəndələri səhnə əsərini maraq və alqışlarla qarşılayıblar.
Bədii rəhbər Turqay Vəlizadə nümayişdən sonra jurnalistlərə
açıqlamasında deyib ki, tamaşa çoxdan hazır olsa da, pandemiya
səbəbindən premyerası bir qədər gecikib. O qeyd edib ki, yeni
mövsümdə daha iki premyera planlaşdırılıb.
T.Vəlizadə bildirib ki, tamaşada yer alan İsfahanlı qardaşları
görkəmli azərbaycanlı aktyor və rejissor, Tbilisidəki Azərbaycan
teatrının formalaşmasında müstəsna xidmətlər göstərmiş, Gürcüstan
SSR-in Xalq artisti İbrahim İsfahanlının nəticələridir:
“İsfahanlı qardaşları özləri teatra maraq göstəriblər.
Zənnimcə, onlar rollarının öhdəsindən yaxşı gəldilər. Ümid edirəm
ki, onlar bundan sonra da səhnədə öz istedadlarını ifadə
edəcəklər”.
T.İsfahanlı açıqlamasında deyib ki, beynəlxalq münasibətlər
ixtisası üzrə ali təhsil alsa da, aktyorluq sənətinə həvəsi
yaranıb:
“Bundan öncə bir tamaşada replikasız kiçik rolda çıxış
etmişəm. Bu sənətə olan həvəsim qardaşım Fuada da keçdi və o da
teatrda fəaliyyətə başlamağa qərar verdi. Teatra marağımızı
genemizlə də əlaqələndirə bilərəm. Biz ulu babamız İbrahim
İsfahanlının adına layiq davamçıları olmağa çalışacağıq”.
Qeyd edək ki, İ.İsfahanlı (1897-1967) geniş tamaşaçı kütləsinə
“Böyük dayaq” filmində Yarməmməd rolunun ifaçısı kimi yaxşı
tanışdır.
Mənbə: report.az