Gürcüstanın Azərbaycan Dram Teatrı yeni tamaşa nümayiş etdirib
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı builki mövsümdə “Nəhayət bitdi” adlı ikinci tamaşa hazırlayıb.

Səhnə əsərinin Gürcüstan Dövlət Pantomim Teatrında premyerası olub.

Tamaşanın quruluşçu rejissoru və əsas rolun ifaçısı kimi teatrın bədii rəhbəri Turqay Vəlizadə çıxış edib. Səhnə əsərində ikinci dərəcəli rollarda teatrın gənc aktyorları - Telman İsfahanlı, Fuad İsfahanlı, Səbinə Həsənova və Mədinə Həsənova yer alıblar.

Bir neçə xarici əsərin motivləri əsasında səhnələşdirilmiş “Nəhayət bitdi” tamaşası bir insanın həyat dramından bəhs edir. Odlu silahla intihar etməyə qərar vermiş baş qəhrəman həyatının sevincli, kədərli və faciəvi məqamlarını ironiya ilə yadına salır. O, sonda sevgisini itirməsi səbəbindən yaşamağında heç bir məna görmədiyinə görə sui-qəsd edir.

Səhnə əsərini seyr edənlər arasında Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, gənclər və mətbuat nümayəndələri olub.

Teatrsevərlər tamaşanı maraq və alqışlarla qarşılayıblar.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google