Tbilisidə “Cənnətim Qarabağ” adlı konsert proqramı təqdim olunub.
Gürcüstanda “Şuşa ili” çərçivəsində keçirilən ilk tədbir böyük
maraqla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında 44 günlük
Vətən müharibəsinin mahiyyətindən söz açıb. O, müharibənin ilk
günlərindən Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana böyük
mənəvi və maddi dəstək göstərdiyini xatırladıb.
Səfir müharibə dövründə Azərbaycana dəstək olan, Prezident, Ali Baş
Komandan İlham Əliyevə məktub yazan Həcər Yusibova və digər kiçik
soydaşlarımızı səhnəyə dəvət edib, onlara təşəkkürünü bildirərək
səfirlik adından hər birinə noutbuk hədiyyə edib.
F.Quliyev Azərbaycana haqq mübarizisəsində Türkiyə və Gürcüstanın
göstərdiyi böyük dəstəkdən də danışıb.
Diplomat Gürcüstan əsilli şəhidlərin xatirələrinin
əbədiləşdirilməsi istiqamətində görülən işlərə də toxunub. O,
şəhidlərdən bəhs edən sənədli filmin hazırlandığını və poçt
markalarının buraxıldığını diqqətə çatdırıb. Qəhrəmanların
tanıdılması məqsədilə bu istiqamətdə yeni təşəbbüslərin həyata
keçiriləcəyini qeyd edən F.Quliyev şəhidlər haqqında işıq üzü görən
kitabın yaxın zamanlarda təqdimatının nəzərdə tutulduğunu
bildirib.
Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfirinin müavini
Onur Sevim Qarabağa, Şuşaya getmək arzusunu dilə gətirib. Şuşanı
Azərbaycanın Zəfərinin rəmzi adlandıran diplomat Vətən
müharibəsində əldə olunan Qələbənin yalnız Azərbaycanın deyil,
bütün türk dünyasının qələbəsi kimi qiymətləndirdiyini deyib:
“Azərbaycanın Zəfər sevincini öz sevincimiz kimi yaşadıq.
Türkiyənin Azərbaycana dəstəyi bir millət olmağımızın göstəricisi
idi. Biz bir millətik və bu, əbədiyyətə qədər belə davam
edəcək”.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının
tərkibindəki Respublika İncəsənət Gimnaziyasının şagird və müəllim
kollektivi müxtəlif mahnılar, rəqs, kompozisiya və səhnəciklər
təqdim ediblər. AMK-nin tələbəsi, prezident təqaüdçüsü Nihad Orucov
və əməkdar artist Firuzə İbadova “Azərbaycan”, “Mən səni araram” və
digər mahnıları ifa ediblər. Tamaşaçılara “Şuşanın dağları”,
“Xudayar” təsnifi, “Xarıbülbül” mahnısı, “Cənnətim Qarabağ” və
“Cəngi” rəqsləri, “Xurşudbanu Natəvan”, “Üzeyir, Qurban, Bülbül”
adlı səhnəcikləri, “Arşın mal alan” əsərindən parça da nümayiş
etdirilib.
Konsert proqramına hamının bir yerdə “Qarabağ Azərbaycandır!”
şüarını səsləndirməsi ilə yekun vurulub.
Mənbə: report.az