Tbilisidə “Era Film” studiyası tərəfindən lentə alınan “Geri Dönüş” adlı filmin təqdimatı keçirildi (FOTO)
28 may tarixində Tbilisidə “Era Film” studiyası tərəfindən lentə alınan “Geri Dönüş” adlı filmin təqdimatı keçirildi. Gürcüstan Yaşılay Cəmiyyətinin “Sağlam Yaşam Təbliği Üsulları” layihəsi çərçivəsində çəkilən filmin mövzusu məişət problemləri və qumarın cəmiyyətdəki fəsadlarıdır.

“Geri Dönüş” adlı filmin ssenari müəllifi və rejissoru Elnur Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, çəkilişlər zamanı texnika cəhətdən problemlər yaşayıblar, amma
bunun öhdəsindən gəliblər. O, ümid edir ki, izləyicilər filmi bəyəncəklər.

“Texniki cəhətdən bizim avadanlıqlarımız olduqca aşağı səviyyəli idi. Bizim ehtiyacımızı qarşılayacaq avadanlıqlar yox idi. Misəl üçün deyim ki, bizim əsas ehtiyac duyduğumuz avadanlıq, mikrofon idi. Çalışdığımız qədər mikrofonun olmamasını filmdə hiss etdirməmişik. Filmdə bir iki yerdə hiss edə bilərsiniz ki, orada mikrofondan istifadə olunmayıb. Əlimizdən gələni etməyə çalışmışıq. İzləyici üçün 30 dəqiqə film uzun görünməyə bilər, amma bu bizim ən uzun filmimizdir. Filmimiz təxmini olaraq bir ilə ərsəyə gəldi. Ümid edirəm ki, izləyicilər filmimizi bəyənərlər. Təriflərini və tənqidlərini də gözləyirəm. Filmin mövzusu cəmiyyətdə var olan ailə-məişət problemləri, maddi çətinliklərin özü ilə gətirdiyi problemlər və bu problemlərdən qaçış yollarıdır. Bu yolda asan gəlir mənbəyi kimi görülən, insanlara zərər verən kazinolardır. Bu dayanacaqdan, bu səmtdən keçən insanların müəyyən qədər qazancları ola bilər. Bu danılmaz bir faktdır. Amma bu qazanc həmin insanları, nə qədər ayaqda saxlayır, nə qədər onların dərdinə dərman olur, bu suallara filmdə nöqtə qoymuşuq. Onu da bildirim ki, bu bizim ilk işimiz deyil. Bu da son işimiz olmayacaq. Bundan sonra yeni tamaşalarla, yeni filmlərlə izləyicilərmizin qarşısında olacağıq”, – rejissor dedi.

Gələcək planlardan danışan Vəlizadə bildirdi ki, yaxın zamanlarda yeni tamaşalarla izləyicilərin qarşısına çıxacaqlar.

“Yaxın gələcəkdə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” əsərini səhnələşdirəcəyik. Onun ardınca isə Nikolay Qoqolun “Bir dəlinin xatirə dəftəri” tamaşası olacaq. Orada baş rolu mən canlandıracağam. Rejissorluğunu Anar Rafiqoğlu edəcək. İlk sadaladığım tamaşanın rejissorluğunu isə Namiq Hacıyev öz üzərinə götürüb. Tamaşaçıları gözəl bir səhnə əsəri gözləyir. “Kimdir müqəssir” əsəri komediya janrındadır. Hamıya tövsiyə edirəm, əyləncəli və çox gözəl bir tamaşa olacaq. Gəlib izləyə bilərlər. İkinci tamaşamız isə psixoloji janrda olan bir əsərdir. Bundan başqa qısametrajlı filmlərimizin çəkilişləri də davam edəcək. 3, 5, 7, dəqiqəlik filmlərimiz olacaq və tamaşaçılarmıza təqdim olunacaq”, – Elnur Vəlizadə dedi.

Filmdə təxminən texniki işçilərlə birlikdə 20-yə yaxın şəxs iştirak edib. Elnur Vəlizadənin sözlərinə görə, baş rolları Alı Şərifov, Məryəm Əliyeva və Mayar Seydiyeva oynayıblar.

“Filmdə ikinci dərəcəli rollarda Benyamin Qasımoğlu, Səma Sadiq, Ümman və adlarını çəkə bilmədiyim şəxslər iştirak etdilər. Bundan başqa epizodik rollarda yer alan dostlarımız da oldu. Ümid edirəm ki, oyunçuluq, aktyorluq da tamaşaçının xoşuna gələcək. Film Tbilisidə lentə alındı. Filmin ərsəyə gəlməsində bizə dəstəyi “Yaşılay” cəmiyyəti göstərdi. Bizlərə dəstək olduğuna görə, onlara da öz təşəkkürümüzü bildiririk. Bizə media dəstəyini report.az göstərdi. Onlar texniki cəhətdən bizə köməklik göstərdilər. Onlara da təşəkkürümüzü bildiririk”, – Elnur Vəlizadə dedi.

Baş rolda yer alan Alı Şərifov bildirdi ki, filmin çəkilişlərininə çox əmək sərf ediblər. Çəkilişlər zamanı çox problemlərlə qarşılaşıblar və onların da öhdəsindən gəlməyi bacarıblar.

“Əvvəllər mən “Era film”in kiçik qısametrajlı filmində epizodik rolda yer almışdım. Orada da çox görünmürdüm. Daha sonra bizim bir filmimiz olmalı idi. Onun da hazırlıqları gedirdi. Hətta kadrları da çəkmişdik. Orada da epizodik rolda oynayacaqdım. Məlum məsələyə görə, koronavirus pandemiyası elan olundu və işlərimiz dayandı. Ən sonda bu layihədə baş rol oynamaq təklifini aldım. Mənə dedilər ki, burada baş rolda oynaya bilərsənmi. Mən də can-başla razı oldum. Bu mənim üçün xoşdur. Filmin çəkilişlərində çox əziyyətlər çəkdik. Hava və texnika baxımından problemlər oldu. Bunlar bizə problem yaratsa belə, biz bunun öhdəsindən gəldik və artıq bizim filmimiz hazırdır. Ümid edirəm ki, izləyicilərmiz bu filmi bəyənəcəklər. Biz bu filmə çox əmək çəkdik və əlimizdən gələni etdik. Bundan sonra da filmlərdə iştirak etməyi düşünürəm. Mən bu işi çox sevirəm. Belə deyim, aktyorluq, oyunçuluq, film mənim üçün ikinci bir nəfəs kimidir. Başardığım qədər yeni layihələrdə iştirak edəcəyəm və vaxt ayıracağam”,
– Alı Şərifov dedi.

“Tiflis Palace” otelində baş tutan tədbirdə “TİKA”-nın Tbilisi koordinatorunun müavini Saliha Güner Bayraktar, Türk Hava Yollarının Gürcüstan rəhbəri Şerafettin Ekici, QHT, Gürcüstan Yaşılay Cəmiyyətinin üzvləri, media nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Qeyd edək ki, “Geri Dönüş” adlı filmin yaxın günlərdə başqa regionlarda da təqdimatı planlaşdırılır. Daha sonra isə sosial medialarda paylaşılacaq.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google