Azərbaycan Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icmasına milli rəqs geyimləri hədiyyə edib
Azərbaycanın Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icması üçün milli rəqs geyimləri göndərib.

Azərbaycanın Gürcüstandakı səfirliyi 40 dəst kişi və qadın milli paltarlarını ölkədə fəaliyyət göstərən “Ceyran” və “Sarvan” ansamblları, rəqs dərnəklərinin olduğu “Çay Evi” mərkəzi və “Yeni Düşüncə İnstitutu” təşkilatına təhvil verib.

Təqdimetmə mərasimində çıxış edən səfir Faiq Quliyev bildirib ki, geyim formaları icmanın müraciəti əsasında Gürcüstana göndərilib. O, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimova minnətdarlığını bildirib.

Səfirin sözlərinə görə, icmanın müraciətində 100 dəst rəqs paltarı xahiş olunub və yerdə qalan dəstlərin növbəti aylarda əldə olunacağı gözlənilir. Səfir gələcəkdə azərbaycanlı icmaya bu cür dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.

F.Quliyev qeyd edib ki, Gürcüstanda yaşayan Azərbaycanlıların sosial-humanitar sahədə tam dəstəklənməsi Azərbaycan dövləti və səfirlik üçün əsas prioritet istiqamətlərdən biridir, onları narahat edən məsələlər daima diqqət mərkəzində saxlanılır.

“Ceyran” ansamblının bədii rəhbəri Ceyran Qurbanova, “Sarvan” ansamblının rəhbəri Cəmilə Sarvanqızı, “Çay Evi”nin meneceri Emin Əhmədov və “Yeni Düşüncə İnstitutu”nun təsisçisi Ariz Daşdəmirli dəyərli hədiyyəyə görə Azərbaycan dövləti və səfirliyə təşəkkürlərini bildiriblər.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər