Müxalifət seçkilərdə baş verən qanun pozuntularını əks etdirən video görüntülər yayıb
“Vahid Milli Hərəkat – Birləşmiş müxalifət” Marneulidə seçkilərin gedişi ilə bağlı brifinq verib. Partiyanın liderlərindən olan Zurab Melikişvili bildirib ki, hakimiyyət öz istədiyi namizədi “Marneuli əhalisinin başına gətirmək” üçün misli görülməmiş saxtakarlıq yoluna baş vurub və bütün mövcud metodlardan istifadə edir.



“Hakimiyyət kameraların söndürülməsi kimi yollara baş vurur və artıq o səviyyəyə çatıb ki, kameraların sönmüş vəziyyətdə qalması üçün uzadıcı kabeli belə oğurlayırlar”, – Zurab Melikişvili deyib.





Brifinqdə partiya qanun pozuntularının əks olunduğu üç video yayımlayıb.



Partiyanın bildirdiyinə görə, 68 saylı məntəqədə bülletenlərin məntəqədən çıxarılması halı qeydə alınıb.




Partiyanın yaydığı videolardan birində Şaumyanidə yerləşən 9 saylı məntəqədə komissiya üzvü mədəniyyət evinin rəhbəri ilə siyahıları müqayisə edərək seçiciləri yoxlayır, məsələnin üstünün açıldığını hiss etdikdə və kameranı gördükdə isə seçki məntəqəsindən qaçır.



Partiya tərəfindən yayımlanmış üçüncü videoda isə bir nəfər kişinin seçki məntəqəsinin yaxınlığında durduğu və əlindəki siyahı ilə səs verməyə kimin gəlib, kimin gəlmədiyini yoxladığı əks olunub.

Zurab Melikişvili brifinqdə onu da qeyd etdi ki, qeyri-hökumət təşkilatlarının və partiyaların nümayəndələrinin pozuntularla bağlı göstəriş verdikləri məntəqələrdə onlar məntəqələrdən kənarlaşdırılırlar. Melikişvilinin dediyinə görə, belə hallar Marneulidə 1, 4, 84 və 85 saylı məntəqələrdə baş verib.


19 may 2019-cu ildə Gürcüstanda növbədənkənar seçkilər keçirilir. Mer vəzifəsinə seçiləcək namizəd bu vəzifədə 2021-ci ildə keçiriləcək yerli özünüidarə seçkilərinədək qalacaq.



“Marneuli” radiosu


Print Email
FaceBook Twitter Google