Gürcüstanın "Şərəf ordeni" mükafatçısı şair Nizami Paşa Saraçlı vəfat edib
Gürcüstanın "Şərəf ordeni" mükafatçısı Nizami Paşa Saraçlı 31 yanvar tarixində dünyasını dəyişib. Nizami Paşa oğlu Əliyev 1950-ci ildə Saraçlı kəndində anadan olub, 1966-ci ildə Saraçlı orta məktəbini, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.

1970-ci ildə "Nəsrəddin Tusi" adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamış, müxtəlif illərdə laboratoriyanın müdiri və akademiyanın Mexanika-Riyaziyyat İnsititutunda işlər müdiri vəzifəsində çalışmış və ümumi texniki fənlər fakültəsinin fizika kafedrasında 5 yeni laboratoriya yaratmışdır.

1980-ci ildə doğma Saraçlıya qayıdıb, komissar vəzifəsində çalışmış və yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

1963-cü ildən müxtəlif imzalarla şeirlər yazmağa başlayıb. 1986-cı ildə "Aramıza düşən yaylaq" adlı ilk kitabı çap olunub, eyni zamanda o dövrün mətbuat orqanlarında mütəmadi olaraq əsərləri dərc olmuşdur. 1993-cü ildən Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmiş, Daşburun və Horadiz arasındakı torpaqların düşmənlərdən azad edilməsində göstərdiyi şücaətinə görə, kimya qoşunları komandanı tərəfindən 2 dəfə Şah İsmayıl Xətai fəxri fərmanıyla təltif olunmuşdur.

Müharibədən sonra 1998-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dövlət Televiziyasında (Aztv) 12 il hərbi vətənpərvərlik redaksiyasında baş redaktor kimi çalışmışdır. Televiziya ilə yanaşı Azərbaycan radiosunda da şöbə müdiri vəzifəsində çalışmış, "Alp Ərənlər", "Salam Ana", "Sınaq", "İnam" kimi adlarda 1500 radio verilişlər hazırlamışdır.

1991-ci ildə Türkiyədə Diyanət Fondunun elan etdiyi minacat yarışmasında 43 müsəlman ölkəsindən dəvət olunmuş 3500 şairin içərisində ilk 10-luğa düşərək 1-milyon Türk lirəsi mükafatına layiq görülmüşdür. 1993-cü ildə Almatada keçirilən beynəlxalq yarışmada əsərləri Abay beynəlxalq mükafatına layiq görülüb.

Nizami Paşa Saraclının bir çox şeirlərinə mahnı bəstələnərək türk seriallarında səsləndirilib.

Müəllifi olduğu "Tanrı türkə yar olsun" şerinin mahnısı Osmanlı İmperiyası haqqında çəkilmiş Diriliş Ərtoğrul filmində Şəmistan Əlizamanlı tərəfindən səsləndirilmişdir.

Nizami Paşa Saraclı 22 müxtəlif kitabların və “Dosta gedən yorulmaz” adlı 8 - cildli kitabın müəllifidir.

Şair 2 fevral tarixində doğulduğu Saraçlı kəndində dəfn edilib.

Print Email
FaceBook Twitter Google