Marneuli merinin birinci müavini Roin Dekanoidze “Maestro”
kanalının efirində “Kəndə Dəstək Proqramı” çərçivəsində həyata
keçiriləcək layihələr haqqında danışıb.
Merin müavininin sözlərinə görə, Marneulinin 77 kəndində indiki
mərhələdə əhali ilə görüşlər başa çatıb və layihələşdirmə prosesi
aparılır.
“Sizə demək istəyirəm ki, layihələrin 90%-i artıq
tamamlanıb. Müəyyən prosedurlardan keçdikdən sonra işə
başlayacağıq. Ümumilikdə, bu layihəyə mərkəzi büdcədən 1 232 000
lari ayrılıb, demək istəyirəm ki, yerli büdcədən bu layihələrə
yarım milyon lariyə qədər vəsait əlavə olunacaq, çünki bəzi
hallarda əhalinin seçdiyi layihənin başa çatdırılması üçün
qarşılıqlı maliyyələşdirməyə ehtiyac var”, – Roin
Dekanoidze bildirib.
Marneuli merinin müavininin bildirdiyinə görə, əhali kənd
yığıncaqlarında fəal iştirak edib və gender balansı qorunub.
“Həmçinin, demək istəyirəm ki, əhali görüşlərdə fəal
iştirak edirdi, eləcə də müxtəlif həssas qruplar, fiziki imkanları
məhdud şəxslər, aztəminatlılar və s. də qoşulmuşdu. Gender balansı
da qorunurdu. Marneuli bələdiyyəsində fəaliyyət göstərən “Qadın
otağı”-nın nümayəndələri, eləcə də Gender Şurasının üzvləri fəal
iştirak edirdilər. Bu öz nəticəsini verdi və qadınların təqdim
etdiyi 6 layihə qəbul edilib. Həmin layihələr mütləq tamamlanacaq
və alqışlanmalıdır".
Roin Dekanoidzenin sözlərinə görə, son bir neçə ildə Marneuli
Bələdiyyəsində “Kəndə Dəstək Proqramı” fəaliyyət göstərir və bu
proqram çərçivəsində yolların bərpası, küçə işıqları,
qəbiristanlıqların hasarlanması, suvarma kanallarının
təmizlənməsi/bərpası və digər layihələr həyata keçirilir.
Prioritetlərin seçilməsi məqsədilə 12 fevral tarixindən 26 fevral
tarixinə qədər əhali ilə görüşlər keçirilib. Kəndə dəstək proqramı
üçün 2024-cü ildə Gürcüstanın regionlarında həyata keçiriləcək
layihələr fondundan 1 232 000 lari ayrılıb. Məbləğ əhaliyə uyğun
olaraq kəndlər arasında bölüşdürülüb. Hər kənd üçün minimum 10 000,
maksimum isə 20 000 lari nəzərdə tutub.