Bu il Maradisdə ilk “Tarla günü” keçirilib

Maradisi kəndində 2024-cü ildə ilk dəfə “Tarla günü” keçirilib.

Tarla günündə Marneuli bələdiyyəsinin Maradisi kəndindəki nümayiş ərazisində mütəxəssislər fermerlərə şitil istehsalı texnologiyalarını nümayiş etdirərək kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması, istixana tikintisi və tingçilik fabrikində suvarma sistemi, şitilin transplantasiyası, transplantasiya zamanı nəzərə alınacaq məsələlər, istixanalarda kələm istehsalı kimi məsələləri müzakirə ediblər.

 


CENN-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Mütəxəssisi Sandro Qucabidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, CENN artıq üçüncü ildir ki, Maradisi kəndindəki nümayiş ərazisində “Tarla günləri” keçirir.

“Bu il daha bir neçə belə tədbirin keçirilməsi planlaşdırılır. Bu hissə "İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı – PRAISE MARNEULI" layihəsi çərçivəsində yaradılıb. Layihə çərçivəsində 10 fermerdən ibarət qadın kooperativi yaradılıb. Bu baza, şitillərin istehsal olunduğu bu istixana həmin kooperativə məxsusdur və onlar artıq bu şitillərin kommersiya istehsalına başlayıblar. Layihənin məqsədi ekoloji cəhətdən təmiz kənd təsərrüfatının tətbiqi vasitəsilə Marneuli bələdiyyəsində gəlir artımına dəstək olmaqdır. Nümayiş ərazisi ilə yanaşı, layihə müxtəlif istiqamətlərdə işləyir, çoxsahəli işçi qrupu formalaşdırılıb, biz gənclərlə də işləyirik və əsas məqsəd fermerləri iqlim dəyişikliyi ilə bağlı gözlənilən dəyişikliklərə qarşı daha da gücləndirməkdir ",
– Sandro Qucabidze bildirir.

 

“Yaşıl Maradisi” kooperativi müxtəlif növ tinglər yetişdirir və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Fermer Naira Bolkvadzenin “Marneuli” radiosuna bildirdiyinə görə, layihə çərçivəsində fermerlər şitillərin düzgün əkilməsi, gübrələrdən istifadə qaydalarını öyrəniblər. Kənd təsərrüfatında isə yeni texnologiyalar yoxdur və indi onlar əldə etdikləri biliyi, təcrübəni digər fermerlərlə bölüşürlər.

“Marneulidə elə bir problem var ki, gübrələrdən, kimyəvi maddələrdən düzgün istifadə etmirlər və bu, şəxsən məni narahat edir. Çünki mən sahibkaram və qeyri-sağlam məhsul yetişdirmək istəmirəm. Məhz bu tarla günləri bizə öz bilik və təcrübəmizi fermerlərlə bölüşməyə imkan verir. Mən fəxr edirəm ki, Maradisi kəndinin qadınları artıq çox şey öyrəniblər və kənd təsərrüfatı ilə düzgün məşğul olurlar. İndi də tarla günlərində iştirak etmək istəyənlər çoxdur. Onlar müəyyən təcrübələri öyrənib təsərrüfatlarında tətbiq edirlər. Artıq bizə zəng edib kimyəvi maddələrdən necə düzgün istifadə etməyi, müəyyən olunan günlərə necə riayət etməyi, məsələn, kimyəvi maddələri vurduqdan neçə gün sonra məhsulu yığmaq lazım olduğunu soruşurlar və bu məni çox sevindirir”, – Naira Bolkvadze bildirir.

“Tarla günü” İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı Kənd Təsərrüfatı – PRAISE MARNEULI” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi ətraf mühitə uyğun və iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatına dəstək olmaq, Marneuli bələdiyyəsində əhalinin gəlir əldə etmə imkanlarını artırmaqdır.

 

Print Email
FaceBook Twitter Google