“Azərbaycan dilində gürcü dilinə münasibətdə frazeoloji ifadələr” – Tbilisidə Namil Həsənovun kitabının təqdimatı keçiriləcək
17 dekabr tarixində saat 16:00-da Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində Gürcüstan-Amerika Universitetinin gürcü dili filologiyası üzrə məzunu Namil Həsənovun “Azərbaycan dilində gürcü dilinə münasibətdə frazeoloji ifadələr” adlı ilk kitabının azərbaycandilli icmaya təqdimatı baş tutacaq.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Namil Həsənov verdi. Həsənovun sözlərinə görə, o, iki il əvvəl universitetdə müəllimi tərəfindən
ona verilən ev tapşırığını hazırladığı zaman azərbaycan və gürcü frazeologiyalarının bir-biri ilə olan əlaqələri ilə bağlı məlumat əldə edə bilməyib.

Bundan sonra o, çətinlik çəkdiyi mövzuda bir boşluq olduğunu düşünüb və bu boşluğu doldurmaq məqsədi ilə daha çox araşdırma aparıb, daha sonra topladığı məlumalardan kitab hazırlamaq qərarına gəlib.

“İki il əvvəl universitetdən mənə leksikologiya ilə əlaqədar ev tapşırığı vermişdilər. Mən gəldim, araşdırdım və mənə lazım olan azərbaycan və gürcü frazeologiyalarının bir-biri ilə olan əlaqəsi ilə bağlı məlumat tapa bilmədim. Sonra müəllimlə görüşdük, araşdırmalardan sonra gördük ki, boşluq var. Mən qərara gəldim ki, bu potensial məndə var və bu boşluğu doldura bilərəm. Arzu ilə kitabı yazmaq qərarına gəldik və ilk kitabımızı hazırladıq”.

Gənc filoloq deyir ki, kitabı yazmaqdan daha çox araşdırmalar aparmaqda çətinlik çəkib. Amma bütün çətinliklərə baxmayaraq o, öz istəyinə nail olub və arzu etdiyi kitabı gələcək nəsil üçün hazırlayıb.

“Heç bir şey asan deyil. Mən nə vaxt ki bu kitabı yazmağa başladım. İlk olaraq kitabın baş redaktoru Tamar Vaşaqidzeyə müraciət etdim. Ona belə bir fikrim olduğunu və leksikologiyada bir boşluq olduğunu dedim ki, məndə bunu hazırlamağa potensial varmı?! O, mənə dedi ki, – Yaza bilərsən. Daha sonra Gürcüstan-Amerika Universitetinin administrasiyası ilə görüşdük və söz verdilər ki, arxanızda durub kitabı çap etdirəcəyik və etdilər də. Kitabı hazırlamaq mənə çətin olmadı. 3-cü sinifdən mən gürcü sektorunda təhsil almışam. Yazmaq deyil, araşdırmaq bir az çətin idi. Eyni anda həm bakalavr mövzusu hazırlayır, həm müəllimlik, magistratura imtahanına hazırlaşırdım. Həmçinin kitab yazırdım. Ona görə də yazmaqdan çox araşdırmaq çətin gəlirdi”.

Kitabı aşağıdakı ünvanlardan pulsuz əldə etmək olar:

Arnold Çikobava adına Dilçilik İnstitutunun kitabxanası

İçtimai kitabxanaları:
• Gürcüstan Parlamentinin Milli Kitabxanası
• Milli Elmi Kitabxana
• Qardabani bələdiyyəsinin baş kitabxanası
• Rustavi Kitabxana Birliyi


Universitet kitabxanaları:
• Gürcüstan-Amerika Universitetinin Kitabxanası
• İlya Dövlət Universitetinin Kitabxanası
• Tbilisi Dövlət Universitetinin Kitabxanası
• Gürcüstan Universitetinin kitabxanası
• Qara Dəniz Universitetinin Kitabxanası


Məktəb kitabxanaları:
• Davit Menafiri Akademiyasının Kitabxanası (Rustavi)
• Qardabani bələdiyyəsinin Nəzərli kənd ictimai məktəbinin kitabxanası
• Qardabani bələdiyyəsinin Kosalı kənd ictimai məktəbinin kitabxanası
• Qardabani bələdiyyəsinin Vaxtangisi kənd 1 saylı ictimai məktəbinin kitabxanası
• Marneuli 2 saylı ictimai məktəbinin kitabxanası.



Məlumat üçün bildirək ki, kitabın ilk təqdimat mərasimi 1 dekabr tarixində Gürcüstan-Amerika Universitetində baş tutub.

Kitabın ərsəyə gəlməsində əziyyəti keçənlər:
Gürcüstan-Amerika Universiteti, Humanitar Elmlər və Liberal Təhsil məktəbinin dekanı Rusudan Tsitsişvili, Elmi rəhbər, kitabın redaktoru Tamar Vaşakidze, Redaksiya heyyətinin üzvləri Tamar Kvatçadze, Manana Kvatçadze və Rusudan Tsitsişvili, məsləhətçi, Akademiyanın müxbir üzvü, cənab Vaja Şengelia.

Kitabın nəşri və çapı Marketinq və Kommunikasiya Departamentinin komandası, Anano Tsitsvidze və Salome Şvelidzeyə məxsusdur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google