"Davit Qareci ətrafında yaranmış vəziyyət Gürcüstan vətəndaşı olan azərbaycanlıların günahı deyil" – Oqtay Kazımovun yazısı
Yazı ilk olaraq „Liberal“ tərəfindən yayımlanıb.

Müdafiə və əlavədən bir neçə şeyin keçmiş naziri İrakli Okruaşvili, özünün Davit Qareci monastırı ətrafında cərəyan edən hadisələr barəsindəki “havayı məsləhəti” ilə, 80-ci illərin sonu, 90-cı illərin birinci yarısında Gürcüstanda hökm sürən və bu gün də belə sönməmiş olan əhval ruhiyyəni, Mariam Caşinin dediklərindən daha kəskin şəkildə, bütün çılpaqlığı ilə sərgiləmişdir. Həmin əhval-ruhiyyəyə görə, etnik azlıqlar (söz etməsə də, dini azlıqları da həmin qazanda qaynadır) təhlükə mənbəyi, Gürcüstanın inkişafını gözü götürməyən parazit kütlədir və “qonaq kimi yaşamaları” hər bir aqilanə vaxtı aşdığı üçün Gürcüstandan atılmalıdır.
Lakin, cənab İraklinin söylədiyində güclü bir yenilik də sezilir – o, 2005-ci ildə, Azərbaycan Respublikasının Daxili İşlər naziri ilə söhbətində Gürcüstanın 500 min (hazırkı rəsmi məlumatlara görə, 233 min) etnik azərbaycanlı əhalisindən olduqca məharətlə və sərfəli istifadə edə bilmişdir, yəni, 90-cı illərin siyasətçiləri kimi ümumiyyətlə, ucdantutma qovulmalarını buyurmamış, onlardan təzyiq aləti kimi istifadə etməyi bacarmış və istəyinə də nail ola bilmişdir.

“Əl-qərəz və kəlimətul müxtəsər” cənab İraklinin bu cür “məharətlə” qurduğu “hoqqalar” yalnız və yalnız 90-cı illərin birinci yarısında xalq arasında tam dəstək ala bilərdi, ancaq nə etməli ki, artıq dövr azca dəyişmişdir. Cəmiyyətin bəlkə də az, ancaq heç də əhəmiyyətsiz olmayan hissəsi bu cür emosional qeyzə gəlmələri alqışlamır. Cənab İrakli üçün daha betər - 10 ildən çoxdur ki, gürcücə bilənlərin, gürcücə təhsil alanların sayı artır və onlar üçün bu kimi bəyanatlar heç də “ara sözləri” deyildir – onlar oxuyur, narahat olur, tərcümə edir, yayır, danışır və müzakirə edirlər. Həm də bütün bunları Gürcüstan Konstitusiyası çərçivəsində və kontekstində edirlər. O Konstitusiyanın ki, onda hər bir vətəndaş eyni hüquqlardan faydalanır və eyni öhdəliklərə boyun olur.

Okruaşvilinin bütün bu tiradasında, 90-cı illərin sözügedən əhval-ruhiyyəsindən əlavə, bu kimi şeylər də görünməkdədir:

a) etnik azlıqları tamhüquqlu vətəndaşlar kimi qəbul etməmək;
b) etnik azlıqları qonşu dövlətlərin təsiri altında görmək - onun fikrincə etnik azlıqlar iki ağızlı qılınc kimidir – ya Gürcüstan Hökuməti yetirib onlardan qonşu dövlətlə ticarət predmeti kimi istifadə edəcək, yaxud da, qonşu ölkə üstələyib onları Gürcüstanla ticarətdə bir predmet kimi bəri işə salacaqdır;
c) siyasi cəhətdən nazlanmaq və xristian, etnik gürcü seçicinin duyğuları ilə oynamaq;
ç) və ən əsası – antidövlət, diskriminativ, nifrət dili ilə damğalanmış, fəsad toxumları əkən ritorika
.
İndi isə bütün bunlara işıq tutmağa biz cəhd edək:

• Gürcüstanın azərbaycanlı əhalisi bu ölkə saysız krallıq və knyazlıqlara bölündükdə belə sədaqətli olubdur. Aspindza və Krtsanisi müharibəsində Xudu Borçalının (gürcü tələffüzü ilə Xutia) başçılığı ilə, borçalılar qvardiyası İkinci İrakli ilə yan-yana vuruşurdu. Ancaq indiyə kimi biz yalnız 300 Araqvelinin qəhrəmanlığı haqqında eşitmişik (Niyə bəs?!). İkinci İraklinin şəxsi mühafizəsində, bəzi məlumata görə, cangüdənlərinin 12-dən 5-i, bəzi məlumata görə isə 12-dən 7-si bugünkü borçalıların əcdadları idilər. Krtsanisi müharibəsindən sonra şahı qorumaq əməliyyatında Xevsurlarla birlikdə yüzə qədər borçalı sakini də İkinci İrakli uğrunda can vermişdir. Gürcüstanın birinci respublikası dövründə, 1918-ci ildə borçalılar bir dəstə yaratdılar və həmin müharibədə göstərdiyi igidliyə görə pulemyotçu Çopur Əli dövlət ordeni ilə belə təltif olundu. Gürcüstanın ərazi bütövlüyü uğrunda 90-cı illərdə və 2008-ci ildə də kifayət qədər azərbaycanlı vuruşurdu.
• Azərbaycanlılar Gürcüstanda daxili məhsul və maddi var yaradır, vergilərini ödəyir və hərbi qulluğa gedirlər. Ali məktəblərdən məzun olanlar maarifləndirmə işləri aparır, şagirdlərə gürcü dilindən və başqa fənlərdən könüllü dərs deyir, müxtəlif tarixi yerlərə ekskursiyaya aparırlar.

Və yenə də buna baxmayaraq:

• Onlar heç bir qərar qəbul edilməsi prosesində geniş təmsil olunmurlar (Parlament üzvlərinə işarə etməyin, dördündən ikisi heç ümumiyyətlə gürcücə bilmir və gürcü dilini bilən və təhsilli azərbaycanlılar deyil, niyə məhz onlar orda əyləşiblər sualını Okruaşvili kimi “siyasətçilərə” verin). Məsələn, 2005-ci ildə Okruaşvili qonşu ölkənin naziri ilə görüşə hansı azərbaycanlını da aparadı ki, indi səslərini ucaltmağa çağırır? Yaxud da, sərhədlərin delimitasiya prosesinə hansı azərbaycanlı cəlb olundu ki, o da durub Gürcüstanın mövqeyinə zidd bir şey demiş olsun? – heç bir.
• Cənab İrakli necə düşünür, Gürcüstan vətəndaşlarını qonşu ölkələrə sırımaqla, qonşu ölkənin hərəkətinin cavabını bunlardan almaq arzusu ilə, acığını bunlardan çıxmaq niyyəti ilə dövlətin nəfinəmi düşünür?!

Davit Qarecinin ətrafında yaranmış qalmaqal Gürcüstan vətəndaşı olan azərbaycanlıların günahı deyildir. Onlardan nə Gürcüstan Hökuməti fikir soruşur, nə də ki Azərbaycan. Cənab İraklinin bir özü aynaya baxaraq düşünsün ki, əcəba, naziri olduğu hakimiyyətin özü niyə bu məsələni vaxtında həll edə bilmədi?

Bundan əlavə şəxsən özü ki, bu qədər təcrübə sahibi olan diplomatımız və məsələləri yoluna qoymaqda mahirimizdir.

P.S. Məlumat üçün, bütün bunları mən - Qədim Gürcü Ədəbiyyatı Tarixi üzrə mütəxəssis, azərbaycan mənşəli partiyasız gürcü – Oqtay Kazımov - yazmışam.


Print ელ. ფოსტა
FaceBook Twitter Google