Paata Zakareişvilinin etni azlıqların inteqrasiyası və onlara qarşı diskriminasiya ilə bağlı müsahibəsi
David Qareci monastırı kompleksinə görə, Gürcüstan-Azərbaycan əlaqələri gərginləşdi və bu hadisələri ilk olaraq Gürcüstanda yaşayan azərbaycanlı icmasına mənfi təsir göstərdi. Müxtəlif siyasətçilər tərəfindən edilmiş bəyanatlar Gürcüstan vətəndaşı olan etnik azlıqlara mənfi təsir göstərdi. İrakli Okruaşvili tərəfindən “Facebook” da yayımlanmış yazı da bu qəbildəndir. Müxtəlif dövrlərdə müdafiə naziri, daxili işlər naziri və iqtisadi inkişaf naziri kimi fəaliyyət göstərmiş Okruaşvili yazıb ki, 2005-ci ildə Azərbaycan daxili işlər naziri ilə görüşüb və araq içərək hədələyib ki, əgər məsələ ilə bağlı güzəştə getməsələr, “Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəklər”. Keçmiş nazirin Facebookdakı paylaşımına qeyri hökumət təşkilatları birliyi – “Bərabərlik Naminə Koalisiya” münasibət bildirib. Onların bəyanatında deyilir ki, siyasətçi tərəfindən etnik azlıqlara qarşı ritorika dominant siyasətin və Gürcüstan vətəndaşları olan etnik azlıqlara qarşı münasibətin təzahürüdür, bu isə “bu qrupları kənarlaşdırmağa və sosial təsnifləndirməyə” şərait yaradır.

Bir neçə ay öncə “Gürcü Arzusu” partiyasının və Parlamentin üzvü Mariam Caşi bəyan etmişdi ki, “Azərbaycanda yaşayan gürcülərin hüquqları təhsil və digər sahələrdə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları ilə eyni olmalıdır”

Barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvili inteqrasiya baxımından ölkədə olan vəziyyəti dəyərləndirdi. O, əvvəllər bildirmişdi ki, etnik azlıqların məskunlaşdığı bölgələrdə sakinlərə və onların daxili siyasətinə DTX nəzarət edir. Onun fikrincə, Gürcüstan vətəndaşlarına qarşı belə sərt diqqət dövlətin onları tamhüquqlu vətəndaş kimi qəbul etmədiyini göstərir.


Jurnalist - Siyasi iradəmiz yoxdur? Çünki, misal üçün “Milli Hərəkat” dövründə belə hava yaranmışdı. Bununla belə radionun timsalında deyə bilərəm ki, “Milli Hərəkat” yayım lisenziyası vermədi, çünki milli azlıqların məskunlaşdığı bölgədə azad mətbuatın olmasını arzulamırdı. Bu da onu göstərir ki, inteqrasiya prosesinə elə də müsbət yanaşmırdılar. Gəlin 9 il və 6 ili inteqrasiya və siyasi iradə baxımından müqayisə edək.

Zakareişvili
Siyasi iradə çox mühümdür. Əgər siyasi dəyərləriniz yoxdursa, siyasi iradəniz ola bilməz. Əgər bu xalq bizim sakinlərimiz, bizim vətəndaşlarımız olduğunu, digərləri ilə eyni hüquqa malik olduğunu hiss etmirsə, əgər onlar özlərini Gürcüstanın digər vətəndaşları kimi hiss etmirlərsə, zəhmət çəkib buna reaksiya göstərməlisən. Əgər hər kəsin öz etnik dəyərləri ilə, dini dəyərləri ilə təmsil olunduğu inteqrasiya dəyərləriniz lazımi şəkildə formalaşmayıbsa, əgər onlar gürcülər kimi, pravoslavlar kimi olduğunu hiss etmirsə, zəhmət çəkib bu vəziyyəti düzəltməlisən. Mən görmürəm ki, dövlət ictimai şəkildə bunun qəbul edilməz olduğunu desin. Ola bilsin daxildə nəsə olur, lakin Okruaşviliyə heç nə edə bilməzsən, çünki hələ ki, bir fərd hesab olunur. Allah qorusun, əgər siyasətə qayıdarsa, hamımız səsimizi yüksəltməliyik, çünki 2008-ci il kontekstində Gürcüstana nələr etdiyini gördük. Bəlkə sona qədər edə bilmədi, amma bütün bunları o, başladı. Bu fonda bir bədbəxtçilik fərdi şəxs olan Okruaşvilidir, bir bədbəxtçilik də bu şəxsə cavab verməyən Parlament üzvləridir.

Jurnalist – Milli azlıq nümayəndələri olan deputatlar da səs çıxara bilmədilər.

ZakareişviliŞəxsi söhbətlərdə hər kəs mənim ürək ağrılarımı paylaşır. Onlar səslərini çıxarmalıdırlar, Onların səslərinin daha çox gücü olar. Mən danışıram və digərləri mənə deyir ki, özləri səslərini çıxarmır, sən niyə özünü ödürürsən, mən özümü narahat hiss edirəm. Mən də bilirəm, o, da bilir ki, onlar səslərini niyə çıxarmır. Çünki özünü hələ tam inteqrasiya olunmuş şəkildə hiss edə bilmir. Onun da problemidir, dövlətin də problemidir. Yenə də istərdim ki, milli azlıqların nümayəndələri Parlamentdə qəhrəman olsunlar. Mən Gürcüstan vətəndaşıyam və mənim də hüquqlarımı qorumalısınız deməlidirlər.

– Partiyalarda səs çıxara bilən milli azlıqları öz partiyalarına seçməklə bağlı siyasi iradə nə vaxt olacaq?

ZakareişviliBu mürəkkəb sualdır, 25 il milli və dini azlıqlara qarşı münasibətləri dəyərləndirmək üçün kifayət qədər vaxt deməkdir. Hər yerdə problemlər var. Hakimiyyət öz vətəndaşlarına Yalnız Kvemo Kartlidə deyil, digər bölgələrdə də etibar edəcəyi Avropa səviyyəli dövlət olmaqda çətinlik çəkir. Hər yerdə eyni problem var. Regionlarda eyni problemlərdir, hüquqları əllərindən alınıb, maliyyəni idarə edə bilmirlər, desentralizasiya ciddi problemdir. İnsan hüquqları, milli azlıqların hüquqları yalnız üzdədir. Deyə bilmərəm ki, heç nə edilmir, 2015-ci ildə mən dövlət məmuru olan zaman kifayət qədər yaxşı strategiya qəbul etmişdik, lakin elə təəssürat yaranır ki, iki-üç il bu strategiya üzərində çalışırsan, strategiya ayrıdır və siyasət ayrıdır. Buna görə də, bu sənədləri yazıb-oxumaqdan, saxlamaqdan əlavə həyata da keçirməliyik.


– Siz milli azlıqların yaşadığı yerlərə Dövlət Təhlükəsizlik Xidmətinin nəzarət etdiyini dilə gətirən ilk insansınız. Bunu nə üçün gizədirik, çünki bütün hakimiyyətlər zamanında belədir və bunu dilə gətirmirik. Bu bəyanatınızdan sonra hansısa bir dəyişiklik olub?

ZakareişviliDövlət Təhlükəsizlik Xidməti hər şeyə nəzarət edir. Yalnız milli azlıqların yaşadığı bölgələri deyil, bütün bölgələri. Demək olar ki, Dövlət Təhlükəsizlik Xidməti dövlət içində dövlətdir. DTX-da hesab edirlər ki, misal üçün bir məsələ daha çox dövlətlə bağlıdır, nəinki siyasətlə. Buna görə də üstünlüyü öz qərarlarına verirlər. Bu DTX-nın problemi deyil, bu siyasətçilərin problemidir. Mənim problemim bu idi ki, mən buna qarşı çıxırdım. Elə siyasətçilər yoxdur ki, DTX-nə desin ki, sənin yerin bura deyil, buradır və nə vaxt lazım gəlsən, çağıracağam. Sən mənə məlumat verəcəksən və mən siyasi dəyərlərdən, siyasi ideologiyadan irəli gələrək bu məlumatı ya nəzərə alacağam, ya da nəzərə almayacağam. Siyasət mənim vəzifəmdir və sənin vəzifən isə silah-alətdir ki, bunu da siyasi mövqelərimi həyata keçirmək üçün istifadə edəcəyəm. Bunları deyəcək siyasətçilərimiz yoxdur. Siyasətçilər çox xoşbəxtdirlər ki, DTX hansısa sənədləri təqdim edir, onlar da oxuyurlar, başqa heç nə.

– Abxaziya və Samaçablonun qaytarılmasından söhbət gedən bir vaxtda hakimiyyət nə üçün fikirləşmir ki, abxaz və osetinlər ilk öncə misal üçün yüz minlərlə azərbaycanlının Gürcüstanda necə yaşadığına baxacaq və qayıdıb-qayıtmamaq barədə bundan sonra da qərar verəcək. Hakimiyyət nə üçün bu barədə düşünmür, bir halda ki, bu fikir ritorikada, sakinlər arasında, ekspertlər arasında dolaşır?

ZakareişviliTəəssüf ki, Qamsaxurdiya zamanında hakimiyyət milliyətçi idi və öz vətəndaşlarının maraqlarını öyrənməyə ümumiyyətlə hazır deyildilər. Onlar Rusiya ilə sərhəddə idilər və Rusiya abxazlara və osetinlərə dəstək oldu. Azərbaycanlılara qarşı da belə münasibət olmasına baxmayaraq, Allaha şükür ki, Azərbaycan dövləti Rusiyadan fərqli olaraq Gürcüstanda problemin olmasında maraqlı deyildi. Rusiya bunda maraqlı idi. Biz o kritik vəziyyətdən Azərbaycan və Ermənistanın Gürcüstanda problemin olmasında maraqlı olmamaları sayəsində çıxa bildik. Əgər etnik azlıqların məskunlaşdığı bölgələrdə – istər Kvemo Kartli olsun, istər Samtsxe-Cavaxetiya – əgər belə suallar varsa, dövlət borcludur ki, bu suallara cavab versin. Mən deyə bilmərəm ki, vəziyyət çox pisdir, çünki Avropa ölkələri ilə müqayisə edirəm, görürsünüz Avropa ölkələrində nələr olur. Milliyətçilik qayıdır, ksenofobiya güclənir, ümid edirəm ki, müvəqqətidir. Milliyətçiliyə qida lazımdır, qida daha yoxdur, çünki hər kəs bərabərdir. Avropada miqrasiyaya görə, ksenofobiya və milliyətçilik sərtləşdiyi bir vaxtda bizim milliyətçilərə, bizim ksenofoblara nəfəs almaq imkanı yarandı. Lakin burada heç bir qrup miqrant deyil, Gürcüstana hansısa yad mədəniyyət gətirmir.

– Bir maraqlı fikir də eşitmişəm ki, bu dövr gürcülərin etnik azlıqları qəbul etməsi baxımından Qamsaxurdiya dövründən daha ağır olacaq. Çünki, artıq nəqliyyat problemi yoxdur, əvvəllər Ninotsmindalını nadir hallarda görərdinsə, indi nəqliyyat imkan verir ki, tələbələr və s. mərkəzə gəlsin. Gürcü ictimaiyyəti bu qədər milli azlığı bir arada görməyib və buna görə də milliyətçilik daha çox ortaya çıxa bilər. İndi mövcud olan, bəzən faşizm həddinə çatan ritorika, bu ona görə baş verir ki, maneələr aradan qalxdı, bu ona görə baş verir ki, konservativ əhval-ruhiyyəli insanlarda qorxu olur.

ZakareişviliBəli, əlbəttə, kimlərsə bəlkə belə düşünür, lakin ictimaiyyətdə belə əhval-ruhiyyə yoxdur. Hamımız gördük ki, Abxaziyada və Cənubi Osetiyada nələr oldu. Artıq Kvemo Kartli və Samtsxe Cavaxetiyada nisbətən dinc siyasət aparılır. Bu bir d ərs oldu. Tam şəkildə olmasa da dərs oldu. Öyrəndik ki, nəsə etməmiş fikirləşmək lazımdır. Bunadək fikirləşmədən edirdik, heç sonra da fikirləşmirdik. Düşünmürəm ki, Abxaziya və Cənubi Osetiyada olduğu kimi dalana dirənərik, lakin məsələləri yoluna qoya bilmirik və aralıq proseslərdə dirənib qalmışıq. Nə o tərəfədir, nə bu tərəfə. Sovet ideologiyasından tamamilə azad yeni nəsil gəldikdə, bu problemləri daha asan aşa bilərik. Mən gəncləri bəyənirəm. Təbii ki, gənclər arasında da hər cür adam var, bəzi şeyləri bəyənməsəm də, düşünürəm ki, düzgün istiqamətdə irəliləyirik.

– Cənab Paata, olarsa cəmləşdirək. Çünki etnik azlıqlara qarşı birinci irad odur ki, onlar gürcü dilini bilmirlər. 2012-ci ilin araşdırmalarına baxanda görürük ki, 78% dövlət dilini bilmir. Əsasən azərbaycanlı əhalidən gedir söhbət. Bizim gənc nəsildə yaxşı nümunələr də var. Ümumiyyətlə kimə lazım deyil dilin öyrənilməsi, sakinlərə yoxsa dövlətə? Yoxsa bu hansısa birgə prosesdir?

ZakareişviliBu, əlbəttə, çox mühüm mövzudur. Dil insanlara ünsiyyət üçün lazımdır. Dil mistika və ya hansısa fenomen deyil. Bu əlaqələr və ünsiyyət üçün vasitədir. Əgər dövlət qayğısına qalmasa, dövlət dili hər kəs üçün vasitəyə çevrilə bilməyəcək. İnsanlar ailədə ana dilini öyrənir, əgər bu dildə danışırsa və ünsiyyət yaradırsa, başqa dilə ehtiyac hiss etmir. Başqa dilə ehtiyacı o zaman hiss edir ki, bu ona lazım olur. Misal üçün karyera qurmaq istəyir, dövlət işində çalışmaq istəyir. Xaricə getmək istəyirsə xarici dil öyrənməli olur.

– Digər xidmətlər, misal üçün ombudusmanın hesabatında bildirilirdi ki, qadınlar dil bilmədiklərinə görə, tibbi xidmətdən yararlana bilmirlər.

Zakareişvili – Dövlət bunun qayğısına qalmalıdır. Bu hesabatdan mənim də xəbərim var. İstər qadın, istər kişi olsun, dil bilmədiyinə görə tibbi xidmətdən yararlana bilmirsə, bu dəhşət vericidir. Tibbi müəssisələrdə adamlar olmalıdır ki, onlara başa düşə bildikləri dildə tərcümə etsinlər. Dövlət onlara başa düşdükləri dildə xidmət edir. Biz beynəlxalq hüquq səviyyəsində öhdəlik götürmüşük ki, əgər yaşlıdırsa, biz vətəndaşa onun dövlət dilini bilib-bilməməsindən asılı olmayaraq xidmət edirik. Əgər gəncdirsə, məktəbdə imkan yaratmalıyıq. Lakin çox vaxt məktəbdə dil öyrənirlər, daha sonra unudurlar. Çünki elə mühitdədirlər ki, öyrəndikləri dildən istifadə etməyə ehtiyac olmur. Buna görə də bu dövlət dilini bilməyən adamların deyil, dövlətin problemidir.

– Belə bəyanatlar olduqda, Okruaşvilinin, Caşinin bəyanatlarını nəzərdə tuturam, Nə üçün mərkəzi mətbuatın diqqətindən kənarda qalır? Sən icma mediasısansa, bu barədə nə isə hazırladıqda “Rustavi 2”, “Praymtaym”, “İmedi”, eləcə də “İctimai yayımçı”da yayımlanmasa, o qədər də gözə çarpmır. Nə üçün maraqlı deyil, reytinq qazandırmır?

ZakareişviliXeyr, bu kiçik də olsa, qeyri-sağlam milliyətçilikdir ki, nəyisə gizlətməyə çalışırıq. Bu milliyətçilikdir. Bununla çox qarşılaşırıq, Acarıstanda da, Sameqreloda da görmək olar. Mənim üçün anlaşılmaz olan belə bir konsepsiya var ki, nələr barədəsə yaxşı olar ki, danışmayaq. Əksinə danışmaq lazımdır. Həkimə gedib xəstəlik haqqında danışmasan, xəstəliyin davam edəcək. Bilmirəm Sovetdən qalmadır, ya yox, biz problemlərimiz haqda danışmırıq, sonra problemlər özü haqda danışır.


Qarecidə Zurabişvilinin bəyanatı prezidentin şəxsi təşəbbüsü idi - KobaxidzeBütün Gürcüstanın şeyxi: Davit Qareci ilə bağlı düşünülməmiş bəyanatlar təhlükəlidir"Davit Qareci ətrafında yaranmış vəziyyət Gürcüstan vətəndaşı olan azərbaycanlıların günahı deyil" – Oqtay Kazımovun yazısı
Print Email
FaceBook Twitter Google