Bizim üçün fərqi yoxdur ki, sabah baş nazir kim olacaq, bizim tələbimiz növbədənkənar seçkilərdir – Azər Süleymanov Qaxarianın istefası barədə
Bu gün, 18 fevral tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria istefa verdi. Qaxaria istefasına səbəb kimi Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melianın həbsi məsələsində hakim komanda ilə razılığa gələ bilməməsini göstərib.

Baş nazirin istefasından sonra müxalif partiyalar ölkədə növbədənkənar Parlament seçkilərinin keçirilməsi tələbini irəli sürdülər.

Parlamentin sabiq deputatı Azər Süleymanov “Marneuli” radiosu ilə söhbəti zamanı baş nazirin istefasına münasibət bildirdi. O,
baş nazirin kimliyindən asılı olmayaraq, bütün müxalif partiyaların növbədənkənar Parlament seçkilərinin keçirilməsini tələb etdiyini bildirdi.

“Bu gün bizim üçün fərqi yoxdur ki, sabah baş nazir kim olacaq. Müxalifətin əsas tələbi odur ki, növbədənkənar Parlament seçkiləri olmalıdır. Çünki saxta parlamentdə digər müxalif qüvvələr də iştirak etmək istəmir. Dövlət məcbur olub yenidən Parlament seçkiləri təyin etməlidir. Yalnız o vəziyyətdə biz hansısa razılığa gələ bilərik. Görünür ki, dövlət öz yolunu seçib. Hər birimiz yenidən növbədənkənar seçkilərin keçirilməsini tələb edirik.”


Süleymanovun sözlərinə görə, əhali ölkədə yeniliklərin, iş yerlərinin olmasını istəyir. Bugünkü hökumət isə bu yeniliklərə hazır deyil. O, hökumətin atdığı addımlar nəticəsində Gürcüstanın 90-cı illərə qayıtdığını bildirdi.

“Dövlətdə yenilik yoxdur. Günü-gündən Gürcüstan 90-cı ilə qayıtmağa başladı. Bu yenilik demək deyil, Gürcüstan əhalisi kriminaldan azad olmaq istəyir, iş yerlərinin olmasını istəyir. Bu gün dövlətin proqramı yoxdur.”

Məlumat üçün qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melianın həbsi ilə bağlı qərarın icrası müvəqqəti olaraq dayandırılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google