Artıq yeddinci gündür ki, Marneuli meriyasının
rəsmi facebook səhifəsində Azərbaycan dilinə tərcümə edilmiş
yeniliklər və bəyanatlara rast gəlmirik.
Qeyd
olunan məsələ ilə bağlı Marneuli meriyasına rəsmi məktub
yazdıq.
“Niyə bələdiyyənin fəaliyyəti haqqında Azərbaycan
dilinə tərcümə edilmiş məlumat yayımlanmır” sualına
cavab ənənəvidir, demək olar ki, heç bir nəticə vermir və məktubdan
yalnız onu başa düşürük ki, meriya müxtəlif etnosların dövlət
dilini öyrənməsinə, eləcə də etnik azlıqların dilində məlumatın
əlçatanlığına dəstək olur.
Bələdiyyənin fəaliyyətinin Azərbaycan dilində yayımlanmasına
gəldikdə isə görünür meriya bu kontekstdə yalnız münasibətləri
bələdiyyə müqaviləsi ilə qeydə alınan Marneuli Televiziyasının
olmasını yetərli sayır. Bizim verdiyimiz onsuzda meriyanın rəsmi
veb səhifəsində ictimai məlumat olan suala isə cavab verməkdən
ikinci dəfə çəkinib.
Məktubun cavabını olduğu kimi təqdim edirik:
“Yerli özünüidarəetmə daima bələdiyyənin ərazisində
yaşayan müxtəlif etnosların qarşılıqlı yaşam rolunu, eləcə də
ölkənin sosial – iqtisadi və ictimai həyatında onların tam iştirakı
üçün mövcud olan ehtiyacları nəzərə alır. Onların dövlət dilini
öyrənməsinə, eləcə də etnik azlıqların dilində məlumatına
əlçatanlığına dəstək göstərir. Bələdiyyənin fəaliyyəti haqqında
Azərbaycan dilinə tərcümə olunmuş məlumata gəldikdə isə bildirmək
istəyirik ki, Marneuli Meriyası “Marneuli Tv” ilə bağladığı
müqavilə əsasında bələdiyyə ərazisində gedə proseslərin davamlı
işıqlandırılmasını telekanalın efiri vasitəsilə gürcü və Azərbaycan
dilində təmin edir”.
Qeyd edilməlidir ki, televiziya infrastruktur layihələri və
bələdiyyə məclisinin iclaslarını işıqlandırır, amma bələdiyyə
məclisinin anonsu, planlaşdırılan tədbirlər və.s. kimi məlumatlar
yayımlamır və buna görə də Azərbaycan dilli əhalinin bələdiyyənin
fəaliyyəti proseslərinə əlçatanlığı məhdudlaşır.
Xatırladaq ki, Marneuli meriyası fəaliyyətləri ilə bağlı məlumatı
2018-ci ilin 2 oktyabrından sonra paylaşmır. Bizimlə söhbət zamanı
İnsan Hüquqlarının Tədrisi və Monitorinq Mərkəzi EMC–nın Bərabərlik
proqramı layihəsinin rəhbəri Tamta Mikeladze bildirir ki, bələdiyyə
öz əhalisinin çoxetnikliyindən dolayı məlumatı onlara başa
düşəcəkləri dildə çatdırmaq öhdəliyi daşıyır. Bunun yerinə
yetirilməməsi isə inteqrasiya problemi yaradır.
“Mən düşünürəm ki, məhz etnik azlıq qruplarının təcrid
olunmasına bu səbəb olur. Belə çıxır ki, dövlət onlarla danışmır,
dövlət onları gedən siyasət haqqında məlumatla təmin etmir. Bu isə
aydındır ki, regionda təcrid olunma və inteqrasiya probleminin
birinci səbəbidir” – Mikeladze deyir.