Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirməsi
Rəşad Orucov Rustavi şəhərində keçirilən Yunan-Roma Güləşi üzrə
Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanıb.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Olimp İdman
Məktəbi”nin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev
məlumat verdi. Onun sözlərinə görə, 23 yaşlılar arasında keçirilən
çempionatda uğur qazanan Rəşad Orucov Gürcüstan yığma komandasına
vəsiqə əldə edib.
“2001-ci il təvəllüdlü Rəşad Orucov əslən
Dmanisidəndir. Hal-hazırda Marneulidə yaşayır. 55 kq çəki
dərəcəsində Gürcüstan milli yığmasına vəsiqə əldə edən yetirməmiz
təcrübə və yoxlama görüşləri keçirəcək. Əgər Orucov 1-ci və 2-ci
yerə çıxan idmançıları keçə bilsə, Avropa və dünya çempionatına
gedə biləcək”, – Elçin Mustavayev dedi.
Mustafayev gələcək planlarından da danışdı. O, bildirdi ki, onlar
indi növbəti yarışlara hazırlaşırlar.
“3 ildir ki, Marneulidə Yunan-Roma güləşi üzrə idmanla
məşğul oluruq. Amma bir ildir ki, tam ciddi şəkildə məşğul olmağa
başlamışıq. Biz olimpiya sistemi ilə işləyirik. Hal-hazırda bizim
idman məktəbində 30 nəfər tələbə var. Bu ilin mart ayında
yeniyetmələr arasında Gürcüstan çempionatı keçiriləcək. İndi bu
yarışa hazırlaşırıq. Bu yarışa təxminən 8 nəfər idmançı ilə
qatılmağı düşünürük. Allahın köməyi ilə bu yarışdan da qələbə ilə
qayıdacağıq. Əgər bu yarışda qələbə qazana bilsək, yetirmələrmiz
dünya çempionatına gedə biləcəklər və Marneulini təmsil
edəcəklər”, – Elçin Mustafayev bildirdi.
Xatırladaq ki, əslən Dmanisi rayonundan olan Rəşad Orucov, bu
günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr
qazanıb. O, ölkə yığmasının heyətində təmsil olunacaq ilk
azərbaycanlıdır.
Qeyd edək ki, idmançının məşqçiləri Elçin Mustafayev və Təbriz
Bağmanovdur.