Rzayevlər ailəsinin ilk çiyələk məhsulu
Marneuli bələdiyyəsinin Axlılələ kəndində yerli çiyələyin ilk məhsulunu yığırlar. Rzayevlər ailəsi çiyələk becərməyi illərdir gəlir mənbəyinə çevirib. Giləmeyvənin yığılmasında bütün ailə iştirak edir.

Səkinə Rzayeva deyir ki, ötən illə müqayisədə məhsul azdır. Ailə bioloji baxımdan təmiz məhsul yetişdirir və kənddə, yaxud şəhərdən kənarda satırlar. 1 kiloqram çiyələyin dəyəri 3,50 laridir.

“Məhsulun yığılması prosesinə bütün ailə qoşulur. Anam, atam, bəzən bacım da mənə kömək edirlər. Babam və nənəm öz bağlarında işləyirlər. Atam əsasən satışla məşğul olur. Biz yığırıq, onlar Batumidə, Tbilisidə satırlar. Harada yaxşı satılırsa, orada satırlar. Bu il məhsuldarlıq yaxşı deyil, keçən il daha yaxşı idi”.

Səkinə Rzayeva

Ailənin ən yaşlı üzvü, Ələşrəf Rzayev qorxur ki, bu ilki çiyələklə bankdan götürdüyü krediti ödəyə bilməyəcək. O, qeyd edir ki, ötən illərdə məhsul daha çox idi və gəlirdən də şikayət etmirdilər. Ələşrəf Rzayevin sözlərinə görə, onların problemi su çatışmazlığıdır. Buna görə də məhsulu tez-tez suvara bilmirlər. 

“Təxminən 20 ildir ki, çiyələk, kartof əkirik. Kartof çıxan kimi çıxarıb satırıq. Bu il kredit faizlərini ödəməkdə çətinlik çəkəcəyəm. Başqa gəlirim yoxdur. Ailədə heç kim işləmir. Nə həyat yoldaşım, nə gəlinim. Bu il məhsul çox pisdir. 1-2 minlik götürə bilsək, yaxşıdır, heç onu da bilmirəm. Nə yalan deyim, bu il məhsuldarlıq çox pisdir. Əvvəl daha çox məhsul olurdu. Gəlir də yaxşı idi. Kiçik bir problemimiz var. Su yoxdur. Evdə istixanam var və suvara bilmirəm, suyumuz yoxdur. Bir aydır, su gəlmir. Müraciət edəndə deyirlər ki, borular sıradan çıxıb və ya başqa nə isə xarab olub”.

Çiyələyin qiyməti dəyişir. Məsələn, 1 kiloqramın dəyəri 18 may tarixində 4,50 lari idi, 19 may tarixində isə 3.50 laridir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია