15 iyun tarixində Marneuli rayonunun Mollaoğlu ictimai məktəbində
“Son Zəng” keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və kənd
sakinləri iştirak edirdilər.
Bu il məktəbi 8 oğlan, 8 qız bitirərək, məzun oldular. Tədbirdə
iştirak edən məktəb müəllimləri məzunları təbrik edərək, onlara
gələcək həyatlarında uğurlar arzu etdilər.
Məktəbin direktoru Mahmud Nəsibov tədbirdə çıxış edərək bildirdi
ki, Mollaoğlu ictimai məktəbində 208 şagird təhsil alır. Bu gün
onlardan 16 şagird artıq məzun oldular.
Məktəbin şagirdləri məzunlar üçün bir-birindən maraqlı səhnəciklər,
rəqslər hazırlamışdılar. Məzunlar "Marneuli" radiosu ilə söhbəti
zamanı bildirdilər ki, 12 il birlikdə təhsil aldıqları sinif
yoldaşlarından ayrılmaq onlar üçün çox çətindir.
"Son zəng mənim üçün həqiqətən çox maraqlı və əyləncəli
keçdi. Məktəbimizin istedadlı şagirdləri tərəfindən gözəl tamaşalar
nümayiş olundu. Orta məktəbi bitirməyimiz indi bizim ali
təhsilimizin başlanğıcıdır. Buna görə də hər birimiz yeni
həyatımızı məktəbin son gününü oynayaraq, gülərək, əylənərək qeyd
etdik", – Mansur Nəsibov dedi.
"Son zəng mənim üçün məktəbi başa vurmaq, gəncliyə bir addım daha
yaxınlaşmaq və həyata fərqli baxış bucağından baxmaq deməkdir. Bu
bəzi məzunlar üçün universitetə qəbul olmaq arzusu, bəzisi üçün
peşə məktəbləri və s. olmaq deməkdir. Hər bir məzuna bu yeni
həyatda uğurlar arzu edirəm!", – məzun Gülçin
İsmayılova dedi.
Qeyd edək ki, bu il Mollaoğlu ictimai məktəbi 48-ci buraxılışını
edib.