Meriya Rustaveli küçəsinin bərpası üçün 7 milyon lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi şəhərin Rustaveli küçəsinin tam bərpasını və yenidənqurmasını planlaşdırır. Meriya layihə sənədlərinin tərtib edilməsi üçün 118 000 lari dəyərində tender elan edib. Mərkəzi küçənin təxmini uzunluğu 2 750 metrdir. İşlər 26 may küçəsindən başlayacaq və Səməd Vurğun küçəsi ilə kəsişmədə başa çatacaq. Layihə sənədlərinin izahatında kanalizasiya şəbəkəsinin qurulacağı, avtomobil dayanacağı məkanları nəzərdə tutulacağı və qadağanedici tənzimləyici nişanların yerləşdiriləcəyi, fiziki imkanları məhdud şəxslər üçün uyğunlaşdırılmış keçidlərin, səkilərin qurulacağı və s. qeyd olunub.

“Layihədə nəzərdə tutulan küçədə dörd nəqliyyat qovşağı var: 26 may meydanı, Durmuşxan Mağalaşvili adına körpü, bazar nəqliyyat qovşağı, Səməd Vurğun dairəsi. Nəqliyyat və dayanacaq şəbəkəsi nizamsızdır. Avtomobillər xaotik şəkildə park edilir. Bələdiyyə nəqliyyatı üçün dayanacaqlar yoxdur. Günün müəyyən qismində küçə dolur və tıxaclar yaranır. Məişət tullantısı qabları küçəyə qoyulub və onlar üçün demək olar, məhdudiyyət yoxdur. Küçənin bütün məsafəsi boyunca yüksək təzyiqli qaz borusu keçir və bəzi yerlərdə üzdə, səkidə quraşdırılıb. Qeyd olunan yolun asfalt qatı xarab olub, oyuqlar, uzununa və eninə çatlar var. Piyadalar üçün nəzərdə tutulmuş səkidə analoji sıradan çıxma halları qeydə alınır. Layihədə nəzərdə tutulmuş yolun uzunu və eni normalara uyğun deyil. Bu isə piyada və nəqliyyat vasitələrinə təhlükəsiz hərəkət etməyə mane olur”, – layihə obyektinin izahatnaməsində yazılıb.

Marneuli bələdiyyəsi 20 iyun tarixində layihə sənədlərinin tərtib edilmə xidməti üçün tender elan edib. Tenderdə iştirak etmək istəyi olan namizədlər 5-8 iyulda təkliflərini təqdim edə bilərlər. Layihənin tərtib edilməsindən sonra meriya işlərin başlanması üçün tender elan edəcək. Rustaveli küçəsinin tam bərpa/yenidənqurma işlərinin təxmini dəyəri 7 000 000 laridir.

Müqavilənin qüvvədə qalacağı müddət imzalandığı gündən 2023-cü ilin 31 yanvar tarixinə qədər müəyyən edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google