Marneulidə sahibsiz itlər problemi barədə müzakirə baş tutub
Marneuli Mülki Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə sahibsiz itlər probleminin müzakirəsi baş tutub. Tədbirdə heyvan müdafiəçiləri, yerli özünüidarə nümayəndələri və maraqlanan şəxslər iştirak edirdilər.

Onlar Marneulidəki problemlərdən danışıblar. Heyvan Hüquqları Komitəsinin sədri Tinatin Çavçanidze heyvanlara qarşı şiddətli rəftar faktlarından və qanunvericilik tənzimləmələrindən danışıb.

“Bu problem yalnız Marneulidə deyil, bütün Gürcüstandadır və bizim öhdəliyimizdir budur ki, gedək, bütün hakimiyyət nümayəndələri
ilə problemin düzgün həlli yolları haqqında danışaq. Hələ ki indi Avropaya inteqrasiya yolundayıq və onların da tövsiyələri var. Hesab edirik ki, bütün şəhərlərə getməliyik və izah etməliyik ki, bu problemin birinci həlli yolu sahibi olan heyvanlar qeydə almaq və identifikasiya etməkdir. Bu halda onların sayı çoxalmaz. Marneuli böyüklükdə şəhərdə sahibsiz itləri qeydə almaq, sterilizə etmək, quduzluğa görə peyvənd vurmaq və geri qaytarmaq çox asandır. Bunlar hamısı heyvan hüquqlarının müdafiəsini, eləcə də bizim sağlamlığımızın müdafiəsini nəzərdə tutur”.


Marneuli meriyası illərdir, itlərin sığınacaq xidməti üçün tenderlər elan edir. Tenderlərdə eyni şirkət qalib gəlir və heyvanları Marneulidən Ozurgeti sığınacağına aparır. Heyvan müdafiəçisi, pedaqoq Natali Samxaradze bildirir ki, bu problemi həll etmir.

“Məlumatlandırma problemi var. Regionlarda sakinlər başa düşmürlər ki, bu addımı necə atmalıdırlar, iti küçəyə atmamalıdırlar. Eləcə də buna əlçatanlıq da yoxdur. Tibbi məntəqə yoxdur ki, kənddə yaşayan adam iti aparsın və müvafiq prosedurlardan keçsin. Gəlin razılaşaq ki, Marneulidə itlərin əksəriyyəti küçədə sterilizə olunmayıb və problem sona qədər həll olunmur. Tibbi məntəqə yaxın olmalıdır, Ozurgetiyə qədər yol uzaqdır, it əziyyət çəkir”.

Görüşdə Ozurgeti sığınacağının nümayəndəsi onlayn iştirak edirdi. O, bildirdi ki, onlar yeni xidmət yaradırlar. Bu mobil qruplar vasitəsilə itlərin yerində sterilizə edilməsi və başqa prosedurların keçirilməsini nəzərdə tutur.

Marneuli bələdiyyəsində indiyə qədər sahibsiz heyvanlar qeydiyyata alınmayıb. Bələdiyyə Məclisi indiyə kimi heyvanlara qulluq göstərmə qaydası ilə bağlı sərəncam qəbul etməyib. Görüşün təşkilatçısı Mariam Samxaradze bildirir ki, problemin düzgün həlli yolunun qoyulması mühümdür.

“Uzun zamandır, bu mövzunu aktuallaşdırmaq istəyirik. Bələdiyyədən daha çox fəallıq gözləyirik, çünki hər il tenderlər elan edirlər və bu kifayət etmir. Sterilizasiya xidmətinin Marneulidə olması mütləqdir”.

İtlərin probleminin müzakirəsində Qırmızıkənd sakini Aram Akopyan da iştirak edirdi.

“Bu məsələ çox mühümdür. Uzun zamandır, bu problem var. Həmçinin, mənim yaşadığım kənddə də mövcuddur. Məsələn, uşaqlar stadiona gedə bilmirlər, itlər dəstə ilə gəzirlər. Bu məsələ həll olunmalıdır”.

Görüşdə heyvan müdafiəçisi Tiko Kvaliaşvili də iştirak edirdi. O, Marneuli meriyasının nümayəndəsinə bildirdi ki, bələdiyyə ilə öz təcrübəsini bölüşməyə hazırdır. Yerli özünüidarə nümayəndələri problemin həllində daha effektiv yollar tapmağa hazır olduqlarını bildirdilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google