Marneulidə Durmuşxan Mağalaşvili adına körpünün bərpası işləri
dayandırılıb.
Marneuli meriyasından “Marneuli” radiosun bildirirlər ki, işlər
hava şəratinin pis olmasına görə dayandırılıb.
“Pis hava şəraiti ilə əlaqədar işlər dayandırılıb. Hava
inşaatçılara işlərini davam etdirməyə imkan verən kimi, bir neçə
günə davam edəcəklər”, – Marneuli meriyasının
İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze
bildirib.
İndiki mərhələdə Durmuşxan Mağalaşvili adına körpüdə işlərin nə
zaman bərpa olunacağı məlum deyil.
“İşlərin tez başa çatdırılması bizim də, şirkətin də
maraqlarına daxildir”, – Davit Çikadze bildirdi.
Qeyd edək ki, 8 yanvar tarixində Durmuşxan Mağalaşvili adına
körpünün bərpası işlərini həyata keçirən “İrlani” MMC şirkətinin
direktoru Temur Tabukaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirmişdi ki, körpünün bərpası işləri yanvarın sonuna qədər
tamamlanacaq. Bu gün, 29 yanvar tarixində Temur Tabukaşvili ilə
əlaqə saxlamağa çalışsaq da, o, bizim zənglərimizə cavab
vermədi.
30 noyabr tarixindən Mağalaşvili adına körpüdə hərəkət
məhdudlaşdırılıb. Bu şəhərdə tıxacların yaranmasına səbəb olub.
Əvvəlcə Marneuli meriyasından bildirirdilər ki, körpüdə
avtomobillərin hərəkəti 20 dekabr tarixindən bərpa olunacaq. Sonra
isə vəd verdilər ki, körpüdə avtomobillərin hərəkəti yeni ilə qədər
bərpa olunacaq, amma hələ də körpüdə maşınların hərəkəti bərpa
edilməyib.
Marneuli meriyası körpünün bağlanmasına görə yaranmış tıxacları
yüngülləşdirmək üçün Mağalaşvili körpüsünün altından müvəqqəti
dəmiryolu keçidi də quraşdırıb.
Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası
işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş
aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin
5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa
çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib.
Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış
müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə
əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt
verilmişdi.