Gürcü dilini öyrənməyə pul ödəyirsən?
“Gürcüstanda etnik azlıq nümayəndələrinin dövlət dilinin öyrədilməsinə pul ödəməli olduğunu demək yanlışdır” – bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naizrliyinə namizəd Tea Axvlediani qanunvericilik orqanında, komitələrin birləşmiş iclasında bildirib. Tea Axvledianinin bu çıxışına mülki fəalar münasibət bildirib və deyirlər ki, nazirin çıxışı onlara aydın deyil. Bir halda ki, “1+4” proqramı ilə qəbul olmuş tələbələr ali təhsil müəssisələrinə illik 2 250 larini məhs dil öyrənməyə ödəyirlər. Qardabanili mülki fəal Aytac Xəlillinin fikri Tea Axvledianinin fikrinə ziddir və o, bildirir ki, nazirin bəyanatı qəbuleidlməzdir, hətta təhqiredicidir.

“Onun sözlərini adi dilə tərcümə etsək adam deyir ki, biz yalan deyirik, universitetlər yalan deyir və bu halda yalan-doğru məsələsini ortaya qoyur. Mənim fikrimcə, bu mühümdür çünki universitetlərin də buna münasibət bildirməsini gözləyirik. Biz görüş keçirməyə cəhd göstərəndə bu tipli görüşlər üçün açıq deyil, sonra çıxır və belə danışır. Bu halda əgər biz yalan deyiriksə, o zaman bu pulu nəyə ödəyirik, universitetlər bizi aldadır? Çox yaxşı bilirik və əminəm ki, özləri də bu bir ildə ölkədə maliyyələşdirmə sisteminin necə olduğunu özləri də bilirlər. Yaxşı bilirlər ki, illərdir yalnız azərbaycandilli icmadan 100, ermənidilli icmadan 100 tələbəni maliyyələşdirirlər. İllərdir bununla bağlı da mübahisəmiz gedir ki, kvota dəyişməlidir. 2010-cu ildə, bu proqram necə başlayıbsa elə də davam edir və maliyyələşdirmə sistemində heç bir dəyişiklik yoxdur. “Bilmirəm, niyə, bu adam bu sözləri niyə deyib, təəccüblənirəm və maraqlanıram, mənim üçün onun mövqeyini başa düşmək çox mühümdür, bu nəticəyə nəyin əsasında gedib çıxıb”, – Aytac bildirib.

Tea Axvlediani öz çıxışında bildirib ki, onun nazirliyi dövründə müxtəlif formatda dövlətin etnik azlıq nümayəndələri üçün təhsilin hər bir pilləsində, məktəbəqədər təhsildən başlamış orta təhsil səviyyəsində, peşə və ya ali təhsil müəssisələrində, qeyri-formal təhsilini təmin etməsi imkanlarını dərindən müzakirə edirlər. Onun sözlərinə görə, bu imkanlar tam təmənnasızdır və rəngarəngdir.

Dövlət Nazirinin Aparatı yuxarıda sadalananları ictimaiyyətə aydınlaşdırmaq məqsədilə Elm və Təhsil Nazirliyi ilə birgə genişmiqyaslı məlumat kampaniyası həyata keçirib: “Bizi gürcü dili birləşdirir – gürcü dilini öyrən” – məhz ölkəmizin qeyri-gürcü vətəndaşlarına təklif etdiyimiz imkanlar haqqında hər bir insanın dərin məlumat sahibi olması üçündür” – Axvlediani bildirib.

Saqarecolu mülki fəal Ayhan Həsənli “Gürcü dili bizi birləşdirir – gürcü dilini öyrən” kampaniyasını məqsədəuyğun hesab etmir və bunun daha çox populizmə xidmət etdiyini deyir.

“Gürcü dili bizi birləşdirir sona qədər populist bəyanatdır. Barışıq Aparatı bildirir ki, kampaniyanın məqsədi etnik azlıq nümayəndələrinin məlumatlandırma səviyyəsinin artırılmasıdır, bunun nəticəsində etik azlıq nümayəndələri gürcü dilini öyrənsinlər. Bu tamamilə cəfəngiyyatdır, çünki bu kampaniya ilə əlaqədar etnik azlıqların dilində heç bir video çarx yoxdur ki, əhalinin məlumatı olsun. Bunların reklam edilməsinə, plakatlara böyük vəsait xərclənir. Yaxşı olardı ki, bunu birbaşa yeni bağçaların tikintisi üçün istifadə edərdilər”.

“Bizi gürcü dili birləşdirir - gürcü dilini öyrən” kampaniyasının video çarxlarından birində gürcü dilli olmayan uşaq bağçalarında məktəbəqədər yaşlı uşaqların ikidilli tədris, ikidilli üsulla dövlət dilini mənimsəmək imkanının olduğu qeyd edilir. Aytac Xəlilli deyir ki, etnik azlıqların məskunlaşdığı bölgələrdə bələdiyyələrin əksəriyyətində uşaq bağçası olmadığından bu üsul effektiv olmayacaq.

“Bu gün, məsələn, Bolnisi və Dmanisdə uşaq bağçalarının əlçatanlığı, qeyri-gürcüdilli kəndlərdə uşaq bağçalarının olmamasına görə təhsil onlar üçün nə gürcü, nə də Azərbaycan dilində əlçatan deyil. İkidilli təhsil mövcuddur, bu “messagebox” kimidir. Biz deyirik ki, Qardabani bağçaların sayına görə çempiondur və əslində orada ikidilli təhsil yoxdur? Bildiyimə görə, təkcə Marneulidə bir neçə bağçada həyata keçirilib və bu bütün region olaraq ümumiləşdirilir ki, bu dezinformasiyadır. Onlar özləri stereotiplər qururlar ki, dövlət hər cür imkanlar yaradır, özləri qəsdən dövlətin dilini öyrənmirlər”.

Dmanisalı fəal Ruslan Ömərov Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri vəzifəsinə namizədin bəyanatına cavab verib və Axvledianinin çıxışının onun üçün də anlaşılmaz olduğunu deyir.

“O, pulsuz proqram haqqında deyəndə bir az təəccübləndim. Əslində pulsuz deyil, maliyyələşdirmə qrantdan asılıdır və onu da müəyyən qism adamlar ala bilir. O, həmçinin bildirib ki, onların təhsilin bütün pillələrində təhsil almaq imkanları var və əslində biz bilirik ki, hətta statistik olaraq etnik azlıqların bütün bunlara əlçatanlığı azdır. Etnik azlıqların yaşadığı əksər bələdiyyələrdə, məsələn, Dmanisinin kəndlərində, ümumiyyətlə, uşaq bağçası yoxdur. Onun belə deməsi və başqasını yalan danışmaqda ittiham etməsi mənə qəribə görünür”, – Ruslan Ömərov deyir.

“Marneuil” radiosu Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatında əlavə şərh yazmağa çalışdı. Etnik azlıqlar üçün gürcü dilini öyrənməyə hansı pulsuz imkanların olduğunu, proqramların neçə məktəb və uşaq bağçasında həyata keçirildiyini, bunun nə dərəcədə effektiv olduğunu öyrənmək istədik.

Aparatdan bildirdikləri kimi, bizdə olan suallara cavab Tea Axvledianinin parlamentə göndərdiyi hesabatda öz əksini tapıb. Buna əsasən, “2023-cü ilin sentyabrından başlayaraq plana uyğun olaraq, ikidilli təhsil modelinin coğrafi əhatə dairəsi tədricən genişləndirilib” yazılsa da, regionların timsalında məlumat axtarılmır. Bu gün proqram qeyri-gürcüdilli 36 uşaq bağçasında və 170-ə yaxın məktəbdə həyata keçirilir. Ötən il pilot proqramın nəticələrinin təhlili nəzərə alınaraq təlim resurslarının hazırlanması prosesi davam etdirilir, eyni zamanda 23 ibtidai səviyyəli məşqçi proqrama cəlb olunmuş məktəblərin ikidilli müəllimlərinə mütəmadi məsləhətlər verir”.

Print ელ. ფოსტა
FaceBook Twitter Google