Savanetidə İcma Mərkəzi açılıb

1 mart tarixində Bolnisi bələdiyyəsinin Savaneti (İmirhəsən) kəndində İcma Mərkəzi açılıb.

Mərkəz “Yeni Düşüncə İnstitutu” tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə açılıb. Savaneti İcma Mərkəzinin açılışında Norveçin Gürcüstandakı səfiri Berqliot Hovladi iştirak edib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu məkan yerli sakinlər üçün vacibdir.

“Savanetidə İcma Mərkəzinin açılışında iştirak etdiyim üçün çox xoşbəxtəm. Bu layihə UNDP ilə əməkdaşlıqla Norveç tərəfindən dəstəklənir. Layihənin bir hissəsi Gürcüstanın bir neçə yerində icma məkanlarının açılması üçün dəstəklənib. Bu əsasən icma mərkəzlərinin iştirakına, gənclər arasında dialoqa və etnik azlıqlar arasında iştirakın gücləndirilməsinə dəstək olmaqdır. Gənclərin təlim-kurslarda iştirak etmək, öz bacarıqlarını kəşf etmək imkanı olacaq. Eləcə də öz hüquqları, imkanları haqqında məlumat ala biləcəklər”, – Berqliot Hovladi bildirib.

Savaneti İcma Mərkəzinin rəhbəri Rezo Həsənov bildirir ki, bu məkanda qadınların, gənclərin və kənd sakinlərinin inteqrasiya olmaq imkanı olacaq, eləcə də öz bacarıq-təcrübələrini bir-biri ilə bölüşə biləcəklər.

“Savaneti kəndində bu günə qədər icma mərkəzi, nə də gənclər mərkəzi yox idi. Bu mərkəz Savaneti və ətraf kəndlərə xidmət göstərəcək. Mərkəzdə təmənnasız sənədlərin surətinin çıxarılması, kompüter xidməti, tərcümə və s. olacaq”, – Rezo Həsənov bildirir.

Yeni Düşüncə İnstitutunun təsisçilərindən biri Kamran Əfəndiyevin sözlərinə görə, mərkəz inkişaf üçün mühüm yer olacaq, insanlar burada öz bacarılqarını kəşf edə biləcəklər.

“İcma Mərkəzi inkişaf, demokratiya deməkdir. Yerli əhali və özünüidarə aarsında körpüdür. Mən düşünürəm ki, bir neçə ilə biz burada həqiqi inkişaf, gənclərin motivasiyasını görəcəyik. Daha çox gənc ali təhsil müəssisəsinə qəbul olacaq, işlə təmin olunacaqlar və ölkənin inkişafına öz töhfələrini verəcəklər”, – Kamran Əfəndiyev bildirir.

Mərkəzin açılış tədbirincə BMT-nin İnkişaf Proqramının Gürcüstanda daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Daqlas Uebi, Barışıq və Dövlət naziri Aparatının Kvemo Kartlidə nümayəndəsi Anar Süleymanov, yerli pedaqoqlar, şagirdlər, digər maraqlanan şəxslər iştirak ediblər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google