Marneulili Minurə Mustafayeva “Xeyriyyəçilikdə İnnovasiya 2024” nominasiyası üzrə mükafata layiq görülüb
“Ümid Yardım Fondu”nun rəhbəri Minurə Mustafayeva “Lider Qadınlar Cəmiyyəti” tərəfindən “Xeyriyyəçilikdə İnnovasiya 2024” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatlandırma mərasimi 12 mart tarixində Tbilisidə keçirilib. “Lider Qadınlar Cəmiyyəti”nin 8-ci mükafatlandırma mərasimində 400-dən çox iş adamı iştirak edib.

Mükafata layiq görülən 29 yaşlı xeyriyyəçi “Marneuli” radiosuna bildirdi ki, o, bu cür mükafata layiq görüldüyü üçün çox sevinir. Onun sözlərinə görə, mükafat alacağını gözləmirmiş.

“Mən 10 ildən artıqdır ki, özümün şəxsi biznesimlə və xeyriyyə işləri ilə məşğul oluram. Mən çox sevinirəm ki, bu cür mükafata layiq görülmüşəm. Onlar mənim yardımlarımı sosial şəbəkələrdə görüblər. Ondan sonra mənə zəng etdilər. Məni "Lider Qadınlar Cəmiyyəti"nin ofisinə dəvət etdilər. Bu hadisə bir ay öncə baş vermişdi. 12 martda isə "Biltmore Tbilisi" otelinə dəvət etdilər və mükafat verdilər. Mən mükafat alacağımı bilmirdim və səhnəyə dəvət ediləndə çox sevindim”.

Mustafayeva düşünür ki, o, aktiv bir qadın olduğu üçün bu mükafata layiq görülüb. O, deyir ki, xeyriyyə işlərini mükafat üçün etmir. İnsanlara kiçik də olsa, bir yardımı dəysin deyə edir.

“Mükafata layiq görüləndə çox gözəl hisslər keçirdim və duyğulandım. Bu günə qədər etdiyim yardımları kimsə mənə mükafat versin deyə etmirəm. Nə də bunu etmərəm. Bu mənim işimdir. Mükafat isə bizim uğurlarımızdır. Tədbirdə 400 nəfərdən çox iş adamı iştirak edirdi. Orda mənim adımın hallanmasına və mükafata layiq görülməyimə görə yox, bir azərbaycanlı olaraq o səhnəyə çıxdığıma görə çox sevinirəm. Təkcə bircə azərbaycanlı mən idim. İnsanlar orda bildilər ki, biz azərbaycanlılar böyük ürəyə sahibik, təhsiliyik və savadlıyıq. Biz də çox gözəl işlər görürük. Həm də biz yardımlarımızı təkcə bizim millətə deyil, başqa millətlərə də edirik. O səhnəyə çıxanda mənim azərbaycanlı olduğumu bildiklərində çox sevindim. Hədiyyələrə və mükafatlara görə də ayrıca sevindim. Məni bu mükafata layiq gördükləri üçün "Lider Qadınlar Cəmiyyəti"nin üzvlərinə, başda direktoru xanım Natia Şatirişviliyə öz dərin təşəkkürümü bildirirəm”.

Minurənin sözlərinə görə, bu onun aldığı ilk mükafat deyil. Müxtəlif qurumlardan da mükafat və təşəkkürnamələr alıb.

Onu da qeyd edək ki, “Lider Qadınlar Cəmiyyəti” təşkilatı 2015-ci ildə yaradılıb. 10 minə yaxın qadın cəmiyyətin üzvdür. Təşkilat uğurlu qadınları aşkarlayaraq onları ictimaiyyətə tanıtmaq məqsədi daşıyır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google