Marneuli növbədənkənar mer seçkilərində bütün məntəqələrin nəticələri açıqlandı
Marneulidə
növbədənkənar mer seçkilərinin ilkin məlumatları artıq bəlli olub.
Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində bütün məntəqələrin
nəticələri yayımlanıb.
“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı
seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib gəlib. Ona səs
verən seçicilərin sayı 28 088 nəfərdir.
Səslərin sayına görə, ikinci yerdə “Vahid Milli Hərəkat – Birləşmiş
müxalifət”in namizədi Aqil Mustafayevdir. Ona 4 106 nəfər seçici
səs verib ki, bu da səsvermədə iştirak etmiş seçicilərin ümumi
sayının 11.49%-nə bərabərdir.
Üçüncü yerdə “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev
qərarlaşıb. O, 2 696 səs toplayıb, bu isə 7.54% deməkdir.
Dördüncü yeri isə müstəqil namizəd Əli Bədirov tutub. Ona cəmi 431
nəfər səs verib ki, bu da 1.21%ə bərabərdir.
Geridə qalan 1.16% səs isə digər 11 namizədin arasında bölünüb.
Marneuli 22 saylı seçki dairəsində ümumilikdə 90 seçki məntəqəsi
var idi ki, bunlardan da 15-i Marneuli şəhərində, 75-i isə
bələdiyyəyə daxil olan 84 kənddə yerləşirdi.
Qeyd edək ki, Marneuli meri vəzifəsi uğrunda 15 namizəd mübarizə
aparırdı, lakin onlardan cəmi dördü seçki proqramını təqdim
etmişdi.