Meriyanın elan etdiyi tenderdə qalib gəlmiş şirkət Kirəç Muğanlıda fəhlələrin maaşını ödəmir
Artıq 7 aya yaxındır ki, Kirəç Muğanlı kəndində içməli su xətti çəkilir. Kəndə çəkilən su xətlərində işçi olaraq çalışan kənd sakinləri artıq 5 aydır ki, maaşlarını ala bilmirlər.

Sakinlərin sözlərinə görə, daha əvvəl su xəttinin çəkilməsi başqa şirkət tərəfindən həyata keçirilib. Sonra yenidən tenderin elan olunması nəticəsində işlərin hayat keçirilməsi başqa bir şirkətə həvalə olunub və xəttin çəkilməsində iştirak edən işçilər yeniləri ilə əvəz olunublar. Sakinlər deyir ki, yeni işçilər gəldikdən sonra əvvəllər xəttin çəkilməsində iştirak edən fəhlələrin, traktorçuların və nəzarətçinin maaşı ödənilməyib.

“Öz ciblərindən yanacağa pul ödəyən, əziyyət çəkib işləyən fəhlələrin pulu ödənmir. Hər yerə müraciət etmişik, amma bir xəbər çıxmır”, – maaşını ala bilməyən kənd sakini deyir.

Kənd sakinləri məsələ ilə bağlı Marneuli meri Zaur Darğallıya məlumat verib və görüşüblər.
“Marneuli” radiosu ilə söhbəti zamanı Marneulinin meri Zaur Darğallı bildirib ki, Kirəç Muğanlıda içməli suyun yenilənməsi ilə bağlı yalnız bir şirkət “Milmşen” MMC çalışır və güman ki, bir aya işləri başa vuracaq.

“Borclarla bağlı sakinlər bizim də yanımıza gəlmişdilər. Məlumatımız var və tikintini aparanlara da xəbərdarlıq etmişik ki, vətəndaşların maaşını versinlər”- Zaur Darğallı deyir.

“Milmşen” şirkətinin direktoru “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, ay yarımdır ki, şirkətin direktoru olaraq təyin edilib və qeyd olunan faktla bağlı məlumatı yoxdur. Direktorun sözlərinə görə, sakinlər köhnə borcları keçmiş şirkət rəhbərindən tələb etməlidirlər.

“Mənim məlumatım yoxdur hansı borcdan söhbət gedir. Maaşımızı almamışıq deyən əməkdaşlar köhnə direktorla birgə gəlməlidirlər və işi müəyyən edərik”-
“Milmşen” MMC-nin direktoru deyir.

Qeyd edək ki, Kirəç Muğanlının ətraf ərazisində aparılan işlərlə bağlı fəhlələrlə müqavilə bağlanmayıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google