Şəhid Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün toplanan 1300 imza Marneuli meriyasına təqdim olunub
Bu gün, 29 dekabr tarixində Abxaziya müharibəsində şəhid olmuş Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün başladılan petisiya Marneuli meriyasına təqdim olunub.

Petisiyanın təqdim olunmasında mülki fəallarla birlikdə Hümbətovun ailə üzvləri də iştirak ediblər.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı mülki fəal Samirə Bayramova verdi. Onun sözlərinə görə, 1300 imza toplanıb və Marneuli meriyasına təqdim olunacaq.

“Düzdür 2020-ci ildə petisiyanın başladığını elan etmişdik. Sadəcə olaraq ölkədə pandemiya vəziyyəti olduğuna görə heç bir şəkildə insanlarla görüşə bilmədik. İmza toplamaqla bağlı problemlər oldu. Ancaq bu gün imzaları toplamışıq. Yerli bələdiyyənin qanunvericiliyinə uyğun olaraq Marneuli sakinlərinin 1 faizinin imzası toplanılıb, hətta deyərdim ki, 200-300 imza da əlavə toplanılıb. Hər hansı bir problem olarsa, etibarsız sayılmasın deyə.”

Mülki fəal petisiyanın başladılma səbəbi haqqında da məlumat verdi.

“Petisiyanı başlatmaqda əsas məqsəd yerli azərbaycanlılar və gürcülər arasında həmrəylik yaratmaq və inteqrasiya prosesinə dəstək olmaqdır. Yerli sakinlərdə vətənpərvərliyin gücləndirilməsidir ki, bu gün Marneulidən olan sakin Gürcüstan üçün vacib olan torpaqlarda vuruşub, canından keçib, şəhid olub. Birgə, güclü Gürcüstan naminə təbii ki, biz birlikdə addımlar atmalıyıq. Biz Marneuli sakinləri olaraq çox təəssüf edirik ki, bu gün belə qəhrəman şəxsin adına nə küçə var, nə də hər hansı bir memorialda ad-soyadı var. Təəssüf ki, imza topladığım zamanlar kəndlərdə soruşurdular ki, – Kimdir?! Bizim heç xəbərimiz yoxdur. Ancaq bu insan Gürcüstan tarixinin əsas simalarından biridir.”

Bayramovanın sözlərinə görə, Ənvər Hümbətovun ailə üzvləri petisiyanın təqdim olunmasından sonra Marneuli meriyasının meri, Kənan Ömərov ilə görüşəcəklər. Samirə Bayramova deyir ki, Hümbətovun ailə üzvlərindən Rustavidə də yaşayanlar var. Həmçinin Hümbətov təhsilini Rustavi şəhərində 13 nömrəli məktəbdə davam etdirdiyinə görə, o, Rustavi merinə də rəsmi müraciət ünvanlayıb.

“Rustavi merliyinə də ərizə ilə müraciət etmişəm. Ənvər Hümbətov Rustavi şəhərində, 13 nömrəli məktəbdə təhsilini davam etdirib. Rustavi şəhərində, məktəbdə onun adına bir lövhə qoymaq və eyni zamanda Rustavi şəhərində adını əbədiləşdirmək üçün hər hansı bir fəaliyyətlərin həyata keçirilməsini Rustavi merindən xahiş etdik. Hazırda danışıqlar gedir. Rejissorlarla da danışıqlar gedir və onun haqqında sənədli film çəkilməsi də nəzərdə tutulur. Bu haqda danışıqlar gedir və buna da nail olacağıq. Düşünürəm ki, bu gün bizim azad və müstəqil Gürcüstanda yaşamağımızın səbəbi olan insanların adını daima ucaltmalı və onları ucaltmalıyıq. Bu bizim vicdan borcumuzdur.”

Məlumat üçün bildirək ki, Ənvər Hümbətov Marneulinin Algeti kəndindəndir. O, Abxaziya müharibəsinin iştirakçısı olub. Hümbətov müharibədə 25 nəfəri xilas etdiyi zaman şəhid olub.

Qeyd edək ki, Ənvər Hümbətov “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Bu isə hərbçilərə verilən ən yüksək ordendir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google