Marneuli uşaq bağçalarına 872 uşaq qeydiyyatdan keçib – qeydiyyatın birinci mərhələsi başa çatıb
Marneuli bələdiyyəsinin uşaq bağçalarına uşaqların qeydiyyatının birinci mərhələsi başa çatıb.

Uşaq Bağçaları Birliyindən “Marneuli” radiosuna verilən məlumata görə, məktəbəqədər hazırlıq qrupları və məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat 30 iyunda başa çatıb. İkinci mərhələ isə 22 avqustda başlayacaq və 2 sentyabra qədər davam edəcək.

“Birinci mərhələdə məktəbəqədər təhsil müəssisələrinə ümumilikdə 872, məktəbəqədər hazırlıq qruplarına isə 192 uşaq qeydiyyatdan keçib. Hər il uşaq bağçalarına ümumilikdə 1000-ə yaxın, məktəbəqədər hazırlıq qruplarına isə təxminən, 500 uşaq qəbul edirik”,
- Uşaq Bağçaları Birliyindən bildirdilər.

Bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var. 2022-ci ildə 11 bağçada təhsil prosesi bərpa edilib. 2 bağçada təmir işləri aparılırdı, bir bağça isə qəzalı vəziyyətdədir.

Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2022-2023-cü ildə Marneuli 1 saylı və Qızılhacılı kənd uşaq bağçalarında da təhsil prosesinin bərpa olunacağı gözlənilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google