Marneuli bələdiyyəsində yaşayan fiziki imkanları məhdud şəxslər
“Gənc Media İttifaqı” tərəfindən həyata keçirilmiş “Fəal həyat
tərzi mənim təbiətimdir” layihəsində iştirak ediblər və qızıl
medallar qazanıblar. Qaliblərdən biri Şorena Kravelidze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan tədbir
Borcomidə keçirilib.
“Marneulidən əsasən fiziki imkanları məhdud şəxslər iştirak
edirdik. Müharibə veteranlarına və sülh missiyasında yaralanmış
şəxslərə təklif olunmuşdu. Ancaq layihəyə qoşulmadılar. Çox maraqlı
idi. Oxçuluqda mən və daha bir fiziki imkanları məhdud şəxs iştirak
edirdik. İki mərhələdə getmişdik, birinci mərhələdə də, ikinci
mərhələdə də altı nəfər idik. Komanda yarışında, Ziplayn və
oxçuluqda birinci yeri qazandıq”, - Kravelidze
bildirdi.
“Fəal həyat tərzi mənim təbiətimdir” layihəsi çərçivəsində
illərdir, raftinq, peintbol, oxçuluq və ziplayn yarışları
keçirilir. Yarışlarda hər il yüzlərlə fiziki imkanları məhdud şəxs
və tanınmış simalar iştirak edirlər.
“Gənc Media-İttifaq” tərəfindən həyata keçirilmiş “Fəal həyat tərzi
mənim təbiətimdir” layihəsində Marneulili fiziki imkanları məhdud
şəxslər 6 və 13 iyun tarixlərində iştirak ediblər.