Sadaxlı sakinləri Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna 37 000 lari köçürüblər
12 noyabr tarixində Gürcüstanın Marneuli rayonunun Sadaxlı inzibati
ərazi vahidliyinin sakinləri topladıqları 37 000 lari pulu
Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna köçürüblər.
Təşkilatçılardan biri kənd sakini İsmayıl Qurbanovun verdiyi
məlumata görə, yardım toplanması tələbi xalqın özündən gəlib.
“Yardım toplama işini Sadaxlı mədəniyyət evində bir qrup
eloğlularla bir həftə öncə elan etdik. Həftə tamamında həm
kampaniyamız durduruldu, həm də eyni günə təsadüf edən böyük qələbə
sevinci Ali Baş Komandan tərəfindən elan olundu. O günü elimizdə
bayram bayrama qarışdı. Bizə də fərəhli olan budur ki Sadaxlı eli
adına yığılmış 37 000 lari Azərbaycan əsgərinə qələbə müjdəsi üçün
bir kiçik hədiyyəmiz olacaq. Fürsətdən istifadə edib xalqımızı bu
qələbə münasibətilə təbrik edirəm və bunu da əlavə edim ki, bizim
kənd ərazi vahidliyinin adı ilə toplanmış bu məbləğdə qonşu Zop
(Tsopi) və Xocerni kəndində yaşayan azərbaycanlıların da payı var.
Yardımda iştirak etmiş hər bir kəsə təşəkkür edirik”, – deyə
İsmayıl Qurbanov qeyd edib.