Vəkil kimdir – müdafiə hüququ
Gürcüstan
Konstitusiyasına əsasən müdafiə hüququ zəmanətlidir. Müdafiə hüququ
ədalətli məhkəmə hüququ üçün vacib komponentdir.
Gürcüstanın
Konstitusiya Məhkəməsi müdafiə hüququnun məzmunu və onun əhəmiyyəti
haqqında mühüm açıqlama verib.
“Müdafiə hüququnun əsası odur ki, müəyyən prosessual ölçülər
aparılan şəxsin müvafiq prosedur və onun nəticələrinə səmərəli
təsir göstərmək imkanı olmalıdır”. Şəxsin özünü müdafiə etmək üçün
şəxsi mövqeyini bildirmək, yaxud müdafiəçi ilə təmin olunma hüququ
var.
Müvafiq olaraq müdafiə hüququnu iki istiqamətdə müzakirə edə
bilərik. Biri özümüzü müdafiə hüququ və bunun üçün səmərəli
mexanizmlərin olması öhdəliyidir, ikinci isə
müdafiəçimiz/vəkilimizin olması hüququdur.
Müdafiəçi/vəkil institutu keyfiyyətli ədaləti yaradan
komponentlərdən biridir. Ona görə də xatırlamalıyıq ki, dövlətlə
münaqişə, yaxud əlaqə zamanı, bizim hüquqlarımızın peşəkar
səviyyədə müdafiə olunması üçün vəkil xidmətindən yararlanmağa cəhd
etməliyik.
Kim vəkil ola bilər
Vəkil olmaq və peşəkar fəaliyyət məsələlərini, vəkillər haqqında
Gürcüstan qanunu tənzimləyir. Vəkil ola bilər:
• Gürcüstan vətəndaşı;
• Ali hüquqi təhsili olan şəxs
• Vəkillər üzrə peşəkarlıq imtahanını vermiş şəxs.
Vəkilin fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Vəkilin rolu
əsasən cinayət işi zamanı əhəmiyyətlidir. Bu, əlbəttə, vəkilin
mülki yaxud inzibati işlərdə rolunu kiçildir. Ancaq cinayət işi
aparmaq birbaşa insan hüquqları ilə əlaqəlidir. Hüququn bu
sahəsində vəkilin vacib roluna o da işarə edir ki, hüququn başqa
sahələrindən fərqli olaraq, məhkəmənin birinci instansiyasında hər
hansı şəxsin bizə nümayəndlik etməsi mümkündürsə, cinayət işində
yalnız cinayət hüququ üzrə ixtisaslı olan vəkil müttəhimin
maraqlarını qorumalıdır.
Vəkil cinayət işi prosesi zamanı
Cinayət işi prosesində vəkil vacib rol oynayır. Ona görə də hamının
öz hüquqları və vəkilin onun hüquqlarının müdafiəsi prosesində
iştirakı haqqında məlumatı olmalıdır.
Bizim hər birimizin müxtəlif cinayətlərlə bağlı məlumat vermək
üçün, dindirilmə çərçivəsində hər hansı hüquq orqanına yolumuz düşə
bilər. Bilməliyik ki, bizim dindirilmə prosesində vəkilin iştirak
etməsi hüququmuz var və polislərin bu tələbi inkar etmək hüququ
yoxdur.
Vəkil şahidin məhkəmədə dindirilməsi prosesində də iştirak edə
bilər. Vəkil qarşısında ifadə vermək polislər tərəfindən təzyiq
göstərilməsinin, ifadə verən zaman məcbur edilmənin və bizim
hüquqlarımızın pozulmasının qarşısının alınması üçün
zəmanətdir.
Polislər çox hallarda dindirilməyə gedən şəxsə vəkilinin olması
hüququ haqda bildirmirlər. Ona görə də yaxşı olar ki, həmişə hüquq
müdafiə strukturları ilə əlaqə zamanı siz vəkillə gedəsiniz, bu
sizi bir çox riskdən sığortalayar.
Məsələn, Gürcüstan Konstitusiyası ilə özümüzə, yaxud yaxın
qohumumuza qarşı ifadə verməmək hüququ zəmanətlidir. Belə ifadə
deyiləndə nəyin nəzərdə tutulduğunu çox hallarda sıravi vətəndaşın
qiymətləndirməsi çətindir. Ona görə də peşəkar vəkil olan zaman o,
belə sualları izah edə və polislərə qeyd bildirə bilər ki, konkret
suallara cavab verməyə və bununla özümüzə, yaxud yaxın qohumumuza
təhlükə yaratmaya bilərik.
Müttəhimin vəkilinin olması hüququ.
Müttəhim/saxlanılan şəxsin ilk hüquqlarından biri vəkilinin
olmasıdır. Polislər saxlanılana/müttəhimə saxlanılan kimi və
sonrakı dindirmələr zamanı əvvəlcədən onun vəkil tələb etmək
hüququnun olduğunu bildirmək məcburiyyətindədirlər.
Vəkilin olması hüququ vəkil seçmək və istədiyi zaman onu dəyişə
bilmək hüququnu da əhatə edir.
Müttəhimin vəkillə münasibətinin gizli olduğunu bilmək vacibdir.
Çox hallarda vətəndaşlar xüsusilə də cinayət işlərində vəkilə tam
həqiqəti söyləməkdən çəkinirlər ki, bu da sonradan işin düzgün
aparılmasına və uğurla davam etməsinə mane olur.
Vəkillə müttəhimin münasibətinin gizliliyi onların ünsiyyətinə
vizual nəzarətdən başqa digər nəzarətlərin yolverilməzliyini
nəzərdə tutur. Bizim vəkillə bizim söhbətimizi başqa heç kimin,
həmçinin, polisin dinləməməsini tələb etmək hüququmuz var. Əgər
belə olmazsa, bu halda biz müdafiə hüququmuzun pozulduğunu deyə
bilərik.
Gizlilik eləcə də nəzərdə tutur ki, vəkili bizim ona verdiyimiz
məlumatı bildirməyə məcbur edə bilməzlər, çünki bu qanunla birbaşa
qadağan olunub və onun bizim ünsiyyətimiz haqqında ifadə verməkdən
imtina etmək hüququ var.
Vəkil seçmək bizim istəyimizdən asılıdır. Xüsusilə bilməyimiz
vacibdir ki, polislərin hansısa vəkili tövsiyə etmək və onu vəkil
götürməyimizi məsləhət görmək hüququ yoxdur. Bu bir çox amillərdən
irəli gəlir.
Ölkəmizdə vəkil xidmətinin dövlət hesabına həyata keçirilməsi
imkanının olmasını bilmək də vacibdir. Bu xidməti Hüquqi Yardım
Xidməti həyata keçirir. Onların bütün Gürcüstan miqyasında ofisləri
var və xidmətlərinin qarşılığını dövlət ödəyir.
Dövlət hesabına müdafiə cinayət işi zamanı iki halda ola bilər.
Birinci – məcburi müdafiə halında və ikinci ödəniş imkanı olmayan
müttəhimin vəkil təyin olunmasını tələb etməsi halında.
Məcburi müdafiə halları qanunla birbaşa nəzərdə tutulub. Məsələn,
əgər müttəhim:
• Həddi-buluğa çatmamış şəxsdirsə;
• Cinayət işi prosesinin dilini bilmirsə;
• Özünü müdafiə etməsinə mane olan fiziki, yaxud psixi qüsurları
varsa;
• Əgər törətdiyi cinayət azadlıqdan ömürlük məhrumetməni nəzərdə
tutursa;
• Əgər müttəhimlə prosessual razılaşma haqqında söhbət
aparılırsa;
• Əgər işi Andlı Hakimlər məhkəməsi müzakirə edirsə və.s.
Bilməliyik ki, cinayət işlərindən əlavə mülki və inzibati işlərin
aparılmasında da vəkilin rolu olduqca vacibdir.
Cinayət işlərindən fərqli olaraq mülki və inzibati işlərdə birinci
instansiyada bizim marağımızı və hüququmuzu vəkil ixtisası olan və
ya olmayan hər hansı şəxs müdafiə edə bilər.
Ancaq, Apellasiya və Ali məhkəmələrdə bu kateqoriyada işlərdə də
nümayəndə yalnız vəkil ola bilər.
Bu gün mövcud olan vəziyyətə görə Hüquqi Yardım Xidməti artıq
hüquqi yardımı hətta mülki və inzibati işlərdə də dövlət hesabına
həyata keçirir.
Bu halda da mütləq olan ön şərtlərdən biri odur ki, şəxsin ödəmə
qabiliyyəti olmazsa və həmçinin, işin mühüm və mürəkkəb olarsa,
Hüquqi Xidmət işi aparmağa qərar versin. Ancaq hüquqi yardım
xidmətində məsləhət və hüquqi sənədlərin hazırlanması ödəmə
qabiliyyəti olmayan şəxslərə pulsuzdur.
Eləcə də hüquqi yardım xidmətində əhali qadına qarşı və ailədə
zorakılıq işləri ilə bağlı pulsuz hüquqi yardım ala bilər.
Hüquqi yardım baxımından eləcə də yerli QHT-lər vacib resursdur. Bu
təşkilatlar mövzu əsasında hüquqi xidməti göstərir ki, əhali ondan
da pulsuz yararlana bilər.
Vəkillə münasibət zamanı hüquqların müdafiəsi məsələsi
Vəkil xidməti məsələsinin yazılı razılaşma ilə təsdiqlənməsi
vacibdir. Yazılı razılaşma/müqavilə ona görə vacibdir ki, sonradan
anlaşılmazlıqlar aradan qaldırılsın. Bu müqavilə ilə müştəri
öhdəlik götürür ki, razılığa gəlinmiş məbləği ödəsin. Vəkil isə
funksiyasını yerinə yetirmək və peşəkar müdafiə öhdəliyi
götürür.
Müştərinin vəkilin xidmətindən narazı olması ilə bağlı bir çox
hallar var. Ancaq burada vəkili götürən kimi xidmət şərtləri ilə
bağlı dərhal razılaşmalısınız ki, sonradan anlaşılmazlıqlar
olmasın.
Razılaşmadan əlavə vəkilin hərəkəti ilə dəyən zərərin qarşılanması
və hüquqların müdafiəsi baxımından daha bir neçə yol var.
Bu Vəkillər Assosiasiyasındakı Etika Komissiyasıdır. Orada etika
normalarının pozulması halında, yaxud aşkar şəkildə qeyri-peşəkar
müdafiənin həyata keçirilməsi halında müştərinin Etika
Komissiyasına şikayət etmək və vəkilin məsuliyyətə cəlb olunmasını
tələb etmək hüququ var. Belə məsuliyyətlərdən biri də kobud qayda
pozuntusunun aşkarlanması halında vəkilin lisenziyasının
dayandırılmasıdır.
Hüquq müdafiəsi üçün daha bir yol məhkəmədir. Əgər vəkil razılıq
şərtlərini pozarsa, müştərinin mübahisənin məhkəmə yolu ilə həllini
və ödənən məbləğin geri qaytarılmasını tələb etmək hüququ
var.
Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı
çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə
səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət
Departamentinin mövqeyini əks etdirməyə
bilər.