Marneulidə yeni zibil konteynerləri yerləşdirilməsindən iki ay keçib və bu vaxta qədər üç konteyner yanıb
2021-ci ilin başlanğıcında Marneuli bələdiyyəsinin təmizlik xidməti Marneulidə 204 yeni zibil konteyneri yerləşdirdi. Köhnə konteynerləri isə kəndlərə payladılar.

“Təmiz Marneuli”-nin direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2021-ci ilin 1 yanvar tarixindən bu günə, 5 mart tarixinə qədər Marneuli şəhərində 3 zibil konteyneri yanıb.

“Üç yerdə zibil konteyneri yandırılıb. Biri “Liberty Bank”-ın qarşısında baş verib. Bizim əməkdaşlar görüb və söndürüblər. İkincisi isə Rustaveli küçəsində, bazar ərazisində, daha biri də mərkəzi meydanda yanıb”, – Leri Mumladze bildirdi.

“Təmiz Marneuli”-nin direktorunun sözlərinə görə, indiki mərhələdə yanğının səbəbini müəyyən etmək mümkün deyil və müvafiq olaraq heç bir halda vətəndaşlar cərimələnməyəcək.

Mumladzenin sözlərinə görə, vətəndaşlar əksər hallarda məişət tullantıları üçün ayrılmış zibil konteynerinə tikinti materialları atırlar. Sonra isə konteynerlər xarab olur. Eləcə də vətəndaşlar çox zaman tullantıları zibil konteynerinə deyil, kənarına atırlar. Buna görə bələdiyyənin təmizlik xidməti əməkdaşlarının işində problemlər yaranır.

Qeyd edək ki, Marneuli bələdiyyəsi miqyasında təxminən 750 zibil konteyneri yerləşdirilib. Sonuncu dəfə 300 ədəd zibil konteyneri 2020-ci ilin sonunda gətirilib. Məhz həmin 300 konteynerdən 204 Marneuli şəhərinə, qalanı isə kəndlərə qoyulub.
Print ელ. ფოსტა
FaceBook Twitter Google