“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
Bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov qərar
imzalayıb.
Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb
olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a
qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı
immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən
isə COVID-19 pasportu tələb olunacaq.
Bundan başqa, iyulun 1-dən bir sıra riayət etməklə şənlik
mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə
verilir. Şənlik mərasimləri “İctimai iaşə müəssisələrində
koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair
metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil
edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox
olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə
alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. 50
nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik
mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən
istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün
COVID-19 pasportunun təqdim olunması tələb olunmur.
50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan
şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün
qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan
sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi
(bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik
mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. Şənlik
mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət
(müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla), eləcə də
(musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və
digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin
obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu
və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil
olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən
azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə
vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında
məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.
Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin
rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin
sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında
müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan
formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi
məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil
edilməlidir. Bu qərarın tələblərini pozaraq şənlik mərasimlərinin
keçirilməsi qadağandır.
İctimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150
nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik
mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması
ilə bağlı nəzarət tədbirlərini Daxili İşlər Nazirliyi, Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti həyata keçirəcək.
“icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət
edilə bilər.
Mənbə: report.az