Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab
Pataradze Bakı Ali Neft Məktəbində (BANM) olub.
Ali Məktəbin rektoru Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin
kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və
tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Sonra keçirilən
görüşdə Elmar Qasımov iki ölkə arasında mövcud olan münasibətlərdən
bəhs edərək Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin
tarixə malik olduğunu vurğulayıb.
Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib
ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif
sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə
çalışırlar. Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və
peşəkar pedaqoji heyətlə təmin olunmuş innovativ təhsil müəssisəsi
kimi inkişaf edib.
Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu
vurğulayan Zurab Pataradze gürcüstanlı gənclərin Bakı Ali Neft
Məktəbində təhsil almalarında maraqlı olduqlarını ifadə edib və bu
istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Səfir SOCAR-ın
Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük
vergi ödəyicilərindən biri olduğunu, yüksək sosial məsuliyyət
daşıdığını vurğulayıb. Bildirib ki, şirkətin həyata keçirdiyi
layihələr Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsinə töhfələr verir.
Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Zurab
Pataradzeyə Ali Məktəbin “Fəxri qonaq ” plaketini təqdim edib.
Mənbə: trend.az