Gürcüstanda buğda unu idxalı son ildə ən yüksək həddə çatıb.
Ölkənin Rusiyadan idxal etdiyi buğda ununun həcmi əvvəlki illərlə
müqayisədə 600 faiz artıb.
Bu sözləri Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının
icraçı direktoru Levan Silagava söyləyib.
Onun sözlərinə görə, buğda ununun idxalının sürətlə artması
səbəbindən yerli un dəyirmanları rəqabət apara bilmir və istehsalı
azaltmağa məcburdurlar.
Bildirib ki, Gürcüstan un dəyirmanları üçün çətin dövrlər Rusiyanın
2021-ci ilin iyununda taxıl üçün ixrac rüsumunu 25 dollardan 98
dollara qədər artırmasından sonra yaranıb. Eyni zamanda, unun idxal
rüsumu sıfırdır. Belə yüksək qiymət fərqini nəzərə alaraq,
idxalçılar buğdaya az maraq göstərir və unu topdan alırlar.
L.Silagava deyib ki, 2021-ci ilin 11 ayı ərzində Gürcüstana buğda
unu idxalı 3 dəfə artıb, ölkəyə 8,7 milyon dollar dəyərində 28,4
min ton un idxal edilib. Ötən ilin yanvar-noyabr aylarında
Gürcüstana buğda ixracı 33,5 faiz azalıb. Ölkə dekabr ayında
2020-ci ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə az taxıl idxal
edib.
Onun sözlərinə görə, əgər əvvəllər Gürcüstan təxminən 60 min ton
buğda və min ton un idxal edirdisə, 2021-ci ilin dekabrında 6 min
ton un və 6 min ton buğda idxal edib. Un idxalı 600 faiz artıb,
buğda idxalı isə 7 dəfə azalıb.
O deyib ki, bir neçə aydır gündəmdə olan problem getdikcə
kəskinləşir. Vəziyyət o yerə çatıb ki, iri zavodlar bağlanmağa
başlayıb. Qeyd edilir ki, il ərzində Gürcüstan 700-800 min ton
buğda istehlak edir. Yerli istehsal 10 faiz təşkil edir. Qalanı isə
Rusiya, Qazaxıstan, Ukrayna və ABŞ-dan idxal olunur. Taxıl
idxalının 70 faizi Rusiyanın payına düşür.
Mənbə: azertac.az