Merin açıqlamasına görə, xidmət rəhbərlərinin dəyişdirilmə səbəbi “qısa zaman ərzində” məlum olacaq
Marneuli meri Kənan Ömərov bələdiyyəyə qayıdıb. Ancaq hələ də meriyanın xidmət rəhbərlərinin dəyişdirilməsinə niyə ehtiyac yaranması barədə açıqlama vermir.

Ötən həftə meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, xidmət rəhbərlərinin dəyişdirilməsi ilə əlaqədar yalnız Marneuli meri Kənan Ömərov açıqlama verə bilər. O, isə Polşada səfərdə idi. Mer bazar ertəsi Marneuliyə qayıdıb və müxtəlif görüşlərdə iştirak edib. Meriyadan “Marneuli” radiosuna merin iştirak etdiyi heç bir görüş barədə məlumat verməyiblər.

15 sentyabr tarixində meriya, Elm və Təhsil Nazirliyi nümayəndələri Tsopi kəndində yeni tikilmiş məktəbin açılışını ediblər. “Marneuli” radiosu məktəbin açılması barədə etibarlı mənbədən məlumat aldı. Meriya heç bu görüş barədə də bizə məlumat vermədi. Tsopiyə getdiyimizdə Marneuli meri Kənan Ömərovu orada gördük. Ancaq o, yenə də xidmət rəhbərlərinin dəyişdirilməsinə niyə ehtiyac yaranması barədə suala cavab vermədi.

“Bütün məlumatlar qısa zaman ərzində ictimaiyyətə aydın olacaq”, – Kənan Ömərov bildirdi.

Meriyanın vəzifəsini dəyişmiş xidmət rəhbərlərinin siyahısını sizə təqdim edirik. Qeyd edək ki, bu məlumatı “Marneuli” radiosu müxtəlif mənbələrdən əldə edib. Meriyadan isə məlumatı nə təsdiq, nə də təkzib edirlər.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov dəyişikliklərdən sonra merin köməkçisi olub. O, özü bu barədə məlumatı təsdiq etdi. Maliyyə-Büdcə Xidmətinə kimin rəhbərlik edəcəyi məlum deyil.

Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi Meurmişvili təsdiq etdi ki, Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri Vaja Şubitidzenin vəzifəsini tutub. Vaja Şubitidze isə (dəqiqləşdirilməmiş məlumata görə) Marneuli Bələdiyyə Məclisi sədrinin məsləhətçisi vəzifəsini tutub.

Mənbədən “Marneuli” radiosuna verilmiş məlumata görə, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin yeni rəhbəri olaraq Nino Dekanoidze təyin olunub. O, Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri idi. İnzibati Xidmətin rəhbəri vəzifəsini isə Mamuka Şubitidze yerinə yetirəcək. Şubitidze bizimlə söhbəti zamanı bildirdi ki, bu vəzifəyə müsabiqə elan olunacaq və xidmətin yeni rəhbəri müsabiqə əsasında seçiləcək.

Mənbədən verilmiş məlumata görə, meriyanın Nəzarət Xidmətinin rəhbəri Qela Mumladze də vəzifəsini tərk edib. O, Marneuli merinin köməkçisi olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google