İrakli Qaribaşvili Rəcəb Tayyib Ərdoğanla görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ-a səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə ikitərəfli, regional və çoxtərəfli gündəlikdəki məsələləri müzakirə etdik. Biz çoxdankı tərəfdaşlarıq və dostuq, Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə qətiyyətlə sadiqik!”, - Baş nazir Twitter səhifəsində yazıb.

Bildirilib ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, ticari-iqtisadi əlaqələr, dünyada və Qafqaz regionunda təhlükəsizlik mühiti məsələləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ölkələr arasında strateji tərəfdaşlığının mühüm nəticələri, yüksək səviyyəli ikitərəfli əlaqələrin siyasi dinamikası, Gürcüstan və Türkiyənin regional-geostrateji layihələrdə iştirakı və fəal əməkdaşlığı müzakirə edilib.

Ukraynada davam edən müharibə və bunun fonunda dünyada və regionda yaranmış çətin təhlükəsizlik vəziyyətinin də müzakirə edildiyi görüşdə regionun gələcək inkişafı və uzunmüddətli rifahının təmin edilməsi naminə sülh və sabitliyin vacibliyi vurğulanıb. Bu kontekstdə ötən il İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya toxunulub. Vurğulanıb ki, bu razılaşma əsasında Azərbaycan saxlanılan erməniləri azad edib, Ermənistan isə Azərbaycana mühüm xəritələr təhvil verib. Qeyd olunub ki, Gürcüstan və Türkiyə Respublikası arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi regionun sabit və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə İrakli Qaribaşvili Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib.

Xatırladıram ki, İrakli Qaribaşvili Nyu Yorkdadır. Baş nazir ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrinin iştirakçıları qarşısında çıxış edəcək.

Print ელ. ფოსტა
თეგები: #georgia #turkiye
FaceBook Twitter Google