İrakli Qaribaşvili Azərbaycanın energetika naziri ilə görüşüb
Gürcüstanda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatda
inkişafını təmin edəcək layihələr və yeni imkanlar dəyərləndirilib.

Baş nazir İrakli Qaribaşvili Azərbaycanı etibarlı strateji tərəfdaş və Gürcüstanın enerji təçhizatında əsas rol oynayan ölkə adlandırıb. Regionda sabitliyə və inkişafa xidmət edəcək enerji layihələri üzrə əməkdaşlığa dəstəyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini deyən energetika naziri Pərviz Şahbazov enerji əməkdaşlığını dərinləşdirəcək imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstanın enerji sistemlərinin ötürülmə imkanlarının artırılması, Azərbaycandan ixrac edilən elektrik enerjisinin Türkiyə və Avropa ölkələrinə nəqlinin təmin edilməsi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin reallaşdırılmasından irəli gələn məsələlər müzakirə edilib və bu layihənin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacağı qeyd edilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran digər istiqamətləri, eləcə də qlobal enerji bazarlarındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google