Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər
edib. Energetika naziri səfər çərçivəsində Gürcüstanın Baş
nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan
Davitaşvili ilə görüşüb.
Görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan
münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə
əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində
əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu
qeyd edilib.
Birgə həyata keçirilən Bakı-Supsa, BTC və Cənubi Qafqaz Boru Kəməri
kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs
edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı
üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.
Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə
regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan
nazir Pərviz Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və
rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib. Nazir
deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə
edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı
olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin
gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək
enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə
bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının
dəstəyi təminat yaradır.
Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan
Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və
ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq
formatının yaradılmasına hazırdır.
Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin
artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan
tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik
enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə
edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra
istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi
aparılıb.