Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.
Dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla
keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirdi, səfərin
ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün
çox əhəmiyyətli olduğunu vurğuladı, müzakirə olunan məsələlərin
siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş
gündəliyi əhatə etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki,
təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir.
Dövlətimizin başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda
isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı
göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev Mixeil
Çxenkelinin səfərinin ölkələrin müvafiq nazirlikləri arasında
əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini
bildirdi.
Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin
başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd etdi və
əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını
dedi. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox
səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi
aparılıb.