“26 oktyabr tarixində, Tbilisidə “Etnik azlıq gəncləri yaşıl
fəallıq naminə” layihəsinin nəticələrinin təqdimatı və müzakirəsi
keçirilib.
Layihə çərçivəsində “Həmrəylik Muzeyi” gənclərlə birlikdə fəaliyyət
həyata keçirirdi və həmin fəaliyyət uzunmüddətli nəticələrə
istiqamətlənmişdi. Belə fəaliyyətlərdən biri də ağac əkilməsi idi.
“Həmrəylik Muzeyinin” təsisçisi Elnur Əlisoy “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, onlar Kvemo Kartli miqyasında 417 ağac
əkiblər.
Bitkilərin əksəriyyəti Marneulidə əkilib. Elnur Əlisoy
layihə çərçivəsində ən böyük nailiyyət olaraq makulaturanın təkrar
emal edilməsi üçün davamlı sistemin formalaşmasını qeyd edir.
“Həmrəylik Muzeyi HYGGE təşkilatı ilə birlikdə layihə
həyata keçirirdik. Bizim donor təşkilat Litva səfirliyi idi.
Bildiyiniz kimi, Kvemo Kartlidə etnik azlıqların sıx məskunlaşdığı
yerlərdə ətraf mühitin mühafizəsi istiqamətində çox çatışmazlıqlar
var. Bu hava və ya torpağın çirklənməsi ola bilər. Ona görə də bu
sahəyə fəallar lazımdır. Biz şagirdlər, yeniyetmələr və tələbələrlə
işləyirik. Onların iştirakı da təmin olunmuş fəaliyyətlər edirik.
Bununla onlar ətrafda nə baş verdiyini yaxşı başa düşürlər. Çox
fəaliyyətlər həyata keçirmişik. Problem Dmanisi, Bolnisi,
Qardabani, Rustavi və Marneulidə 30 sahə işi şəraitində müşahidə
edildi. Bir sıra problemlər müəyyən etdik. Bunun nəticəsində
məktəblərlə və şagirdlərlə işləməyə başladıq. Biz eləcə də Dmanisi,
Bolnisi, Qardabanidə 20 aksiya keçirdik, tullantı ilə dolmuş
100-dən artıq torbanı zibil qabına apardıq. Aksiyada təxminən 120
nəfər iştirak edirdi. Növbəti fəaliyyət quş damlarının hazırlanması
idi. 74 quş damını 8 bələdiyyədə 18 məkana hədiyyə etdik. Sonra
bizim üçün mühüm olan daha bir uğur var idi. Makulaturanın təkrar
emal edilməsi üçün davamlı sistemin formalaşdırılması. Biz bunu
etdik, Kvemo Kartli çərçivəsində 20 məktəb, 16 təşkilat buna
qoşulmuşdu. Makulatura toplamaq üçün qutular yerləşdirdik. Qutuları
“Kriala” MMC – bizim tərəfdaş təşkilatımız vermişdi. Mərhələlərlə
həmin makulatura götürüləcək və əvəzində şirkət, Həmrəylik Muzeyi
həvəsləndirmə üçün təşkilatlara və ya məktəblərə kitablar, yaxud
tinglər verəcəyik”, – Elnur Əlisoy bildirdi.
Layihənin yekun tədbirində təşkilatlara sertifikatlar verilib.
Müzakirə “Kvemo Kartlidə ətraf mühitdə problemlər və çıxış
yollarına həsr olunub”.