Gürcüstan parlamenti “oliqarxsızlaşdırma qanunu”nu I oxunuşda qəbul
edib.
Noyabrın 2-də parlament sessiyasında müzakirəyə çıxarılan sənəd bu
gün səsə qoyularaq 80 deputatın dəstəyi ilə qəbul edilib, 9-u isə
layihənin əleyhinə səs verib.
Hakimiyyət qanun layihəsinin Ukraynadakı bənzəri əsasında
hazırlandığını və oxşar məzmuna malik olduğunu bəyan edib.
Layihəyə görə oliqarx ictimai həyatda nəzərəçarpan iqtisadi və
siyasi çəkisi olan fiziki şəxsdir və aşağıdakı kriteriyalardan ən
az üçünə uyğun gəlir:
a) Siyasi həyatda iştirak edir;
b) KİV üzərində nəzərəçarpan təsiri var;
c) Bazarda dominant mövqeyə malik olan və bu mövqeyi 1 il ərzində
saxlayan və ya inkişaf etdirən qanuni sahibkarlıq müəssisənin əsas
benefisiarıdır;
ç) Təsdiqlənmiş aktivlərinin və ya əsas benefisiarı olduğu qanuni
sahibkarlıq müsəssisəsinin aktivlərinin dəyəri iş qüvvəsi üçün
nəzərdə tutulmuş yaşayış minimumunun 1 milyon qatını ötür;
Yeni qanun layihəsinə görə, oliqarxlar xüsusi dövlət reyestrinə
daxil ediləcəklər. Reyestrin yaradılması və tətbiqi də daxil
olmaqla əlaqəli qaydalar Gürcüstan parlamenti tərəfindən təsdiq
ediləcək.
Qanun layihəsinə görə, oliqarx kimi təsdiqlənmiş şəxslərin xüsusilə
də siyasi sahə ilə əlaqəli müəyyən maliyyə fəaliyyətləri
məhdudlaşdırılacaq.
Belə ki, onların siyasi partiyaları dəstəkləmək məqsədilə müəyyən
donasiyalar etməsinə, seçki prosesində siyasi partiyaları, siyasi
kampaniyaları maliyyələşdirməsinə, siyasi tələblərlə nümayiş və
toplantılar keçirməsinə, həmçinin özəlləşdirmə zamanı dövlətə
məxsus genişmiqyaslı müəssisələri satın almasına icazə
verilməyəcək.
Layihəyə əsasən “oliqarxsızlaşdırma qanunu” tətbiq edildiyi vaxtdan
etibarən 10 il müddətində qüvvədə olacaq.
Xatırladaq ki, “oliqarxsızlaşdırma qanunu”un qəbul edilməsi Aİ-nin
Gürcüstana namizəd statusu verilməsi üçün 12 tövsiyəsindən
biridir.