Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri BTC-nin mühafizəsini
nəzərdə tutan hərbi təlimdə iştirak ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Kəmərlərin
Mühafizəsi Departamentinin əməkdaşları Azərbaycan, Gürcüstan və
Türkiyə hərbçilərinin “ETERNITY 2022" komanda-qərargah təlimində
iştirak edib.
Məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, təlimin məqsədi
hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və
Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat
qabiliyyətini artırmaq olub.
Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin
əməkdaşları təlimlərin həm kompüter dəstəkli, həm də sahə
komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya
Bölməsinin əməkdaşları da cəlb ediliblər.
Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil
edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata
keçirilməsinə əsaslanıb. Vurğulanıb ki, tapşırıq uğurla icra edilib
və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.