Gürcüstanda İsrail vətəndaşına qarşı uğursuz sui-qəsd cəhdinin
detalları açıqlanıb.
İran vətəndaşının sifarişi əsasında qətlinə cəhd edilən İsrail
vətəndaşının İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş
adamı İtsik Moşe olduğu məlum olub.
Məlumat İsrail-Gürcüstan Biznes Palatasının yaydığı bəyanatda da
təsdiqini tapıb.
İsrail mətbuatının məlumatına görə, sifarişi əvvəllər Gürcüstanda
Qüds Qüvvələri üçün çalışmış Məhəmməd Reza Ebadi Arablu adlı İran
vətəndaşı verib və qətl İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) Qüds Qüvvələri tərəfindən təşkil olunub.
“Jerusalem Post”un məlumatına görə, qətlin icrası üçün Pakistandan
“Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli sui-qəsd komandası
Tbilisiyə gəlib və hədəflə bağlı kəşfiyyat məlumatları toplamağa
başlayıb.
Qeyd olunub ki, ötən həftə həmin terrorçulardan biri saxlanılıb və
ondan odlu silah və sursatlar, həmçinin planlaşdırılan cinayətlə
bağlı digər dəlillər ələ keçirilib. Gürcüstanın Dövlət
Təhlükəsizlik Xidməti (DTX) sui-qəsddə istifadə ediləcək
sursatların Türkiyədən Gürcüstana qaçaq yolla gətirilməsini təşkil
edən Gürcüstan-İran ikili vətəndaşlığına malik daha iki nəfəri də
saxlayıb.
Bildirilib ki, DTX odlu silah və sursatlarla yanaşı mobil
telefonlar da ələ keçirib və burada qətlin planlaşdırılması və
müxtəlif gizlətmə nöqtələrinə dair məlumatlar ələ keçirilib.
Məlumatda o da bildirilib ki, İranın Pakistan və Gürcüstan
vətəndaşlarını öz maraqlarına xidmət edən sui-qəsd üçün
kirayələməsi onun xarici terrorçulardan istifadə edərək öz izlərini
ört-basdır etməyə çalışmasına dair bir nümunədir.
Məsələ ilə əlaqədar İsrail təhlükəsizlik qüvvələrinin gürcüstanlı
həmkarları ilə əməkdaşlıq etdiyi bildirilib.
“Jerusalem Post”a İsrail təhlükəsizlik mənbəsinin bildirdiyinə
görə, İran daha əvvəl də - 2021 və 2022-ci illərdə Gürcüstanda
terror aktı törətməyə çalışıb və bu, ilk belə cəhd deyil.
Vurğulanıb ki, hücumun arxasında duranlardan biri Qüds Qüvvələrinin
üzvü Şahram Pursafidir və o, ABŞ-ın keçmiş təhlükəsizlik müşaviri
Con Boltonun qətlinə cəhddə ittiham edilir.
“İran və “Əl-Qaidə” arasında əlaqələr yeni deyil. Bu
terror hücumuna cəhd onlar arasındakı yaxın və illərlə davam edən
əlaqələri – xüsusilə də Tehranın günahsız mülki şəxslərə qarşı
hücumlarında birbaşa iştirakını gizlətmək məqsədilə terror
təşkilatlarından istifadə etməsini, onların üzvlərinə İran
torpağında ev sahibliyi etməsini bir daha göstərir”,
- İsrailin təhlükəsizlik mənbəsi bildirib.
İsrailin Milli Təhlükəsizlik Şurasının məlumatında isə Gürcüstana
səyahətlə bağlı heç bir yeni xəbərdarlıq olmadığını qeyd
olunub.
İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş adamı İtsik Moşe
isə Gürcüstan DTX-ya təşəkkür edib.
Qeyd edək ki, ötən gün Gürcüstan DTX-nın Əks-kəşfiyyat departamenti
İsrail vətəndaşını qətlə yetirməyə çalışan beynəlxalq cinayətkar
qrupu ifşa etdiyini bəyan edib.
Qurumun açıqlamasında bildirilib ki, operativ əməliyyat-istintaq
tədbirləri nəticəsində ölkə xaricində olan İran vətəndaşının
sifariş verdiyi və Pakistan vətəndaşının icra edəcəyi sui-qəsdin
qarşısı alınıb. Məlumatda qeyd olunub ki, sui-qəsd cəhdinin İran
vətəndaşı olan sifarişçisi də daxil olmaqla xaricdə olan
təşkilatçıları müəyyənləşdirilib və digər iştirakçılarla bağlı
kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.