Apelyasiya Məhkəməsi Bolnisi Məhkəməsinin Marneuli meriyası tərəfindən dini təşkilatların maliyyələşdirilməsi qərarını ləğv edib
Bu gün, 8 dekabr tarixində Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Leila Mamulaşvili Marneuli büdcəsindən dini təşkilatların maliyyələşdirilməsi məsələsi ilə bağlı Bolnisi Rayon Məhkəməsinin qərarını ləğv edib.

Sosial Ədalət Mərkəzinin hüquqşünası Tatia Kaçarava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün məhkəmənin birinci iclası təyin edilibmiş. Hakim isə işin materiallarını birinci iclasdaca müzakirə edərək qərarı da elan edib.

“Bu gün məhkəmə dedi ki, dini təşkilatlar üçün pulun bu qaydada bölünməsi qanunidir və Bolnisi Rayon Məhkəməsinin qərarını ləğv etdi. Çox qəribə idi ki, iclas belə tez təyin edildi, bir iclasda müzakirə olundu, araşdırıldı və qərar elan edildi. Qəribə təsadüfdür ki, Marneuli indi 2023-cü ilin büdcəsi üzərində işləyir. Layihə artıq yayımlanıb və bu günlərdə təsdiq edilməlidir. Biz bir neçə gün əvvəl təəccüblə yazdıq ki, büdcədə niyə yenidən pullar eyni şəkildə bölünüb, Bolnisi məhkəməsi bunu diskriminasiya hesab etmişdi. Tələb etdik ki, məhkəməyə qarşı belə hörmətsizlik etməsinlər və həmin səhv yenidən təkrar olunmasın. Bunların hamısı baş verən halda, indi niyəsə Bolnisi Mhkəməsinin bu qərarı ləğv olundu”, – Tatia Kaçarava bildirdi.

Bolnisi Rayon Məhkəməsi Marneulinin büdcəsindən dini təşkilatlar üçün pul ayrılmasını 2022-ci ilin 1iyulunda diskriminasiya olaraq qiymətləndirib. Marneuli yerli özünüidarəsi Bolnisi Rayon Məhkəməsinin qərarını Apelyasiya Məhkəməsinə şikayət edib. Məsələ 2019-cu ildə başlanmış işlə bağlıdır. Şikayət edənlər Marneulili mülki fəal Samirə Bayramova və Bütün Gürücstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədovdur.

Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, hakimdən belə qərarı gözləyirdi. Çünki iclası başlayandan hakim Mamulaşvili onların arqumentini dinləmirmiş və özü diskriminasiya xarakterli şərhlər edirmiş.

“Düzünü desəm, başdan da hiss etmişdim ki, hakim, ümumiyyətlə, proses zamanı bizi dinləmirdi. Həmçinin, bu adam özünün fərqli yanaşmaları ilə seçilirdi. Hakim mənə elə sual verdi ki, bu Apelyasiya Məhkəməsinin hakimi üçün uyğun deyil. O, məndən soruşdu ki, Azərbaycan xristian təşkilatlarını maliyyələşdirirmi, Azərbaycanda bu baxımdan nə baş verir? Mən deyəndə ki, bunu niyə soruşur, o, dedi ki, axı sən etnik azərbaycanlısan. Bu mənim üçün təhqir idi. Onun münasibətindən görünürdü ki, bizi bu ölkənin hissəsi hesab etmir. Təəssüf ki, bu gün Apelyasiya Məhkəməsi Bolnisi Rayon Məhkəməsinin qərarını etibarsız hesab etdi”.

Marneulili mülki fəalın sözlərinə görə, Apelyasiya Məhkəməsinin hakim Leila Mamulaşvilinin qərarını mütləq şikayət edəcəklər.

Marneuli bələdiyyə büdcəsindən hər il Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari ayrılır. Şikayətçilərin əsas tələbi yerli özünüidarə səviyyəsində dini təşkilatların maliyyələşdirilməsinin dayandırılması idi. Çünki Bayramovanın dediyinə görə, dini təşkilatlar artıq mərkəzi büdcədən maliyyələşdirilirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google