Marneulidə su və kanalizasiyaların tikintisi hansı mərhələdədir və nə zaman başa çatacaq
Təxminən bir aydır ki, Marneulidə su və kanalizasiya sisteminin tikintisi yenilənib. İşlər dörd müstəqil layihə şəklində həyata keçirilir. Marneulidə kanalizasiya sistemlərinin yenilənməsi işləri hansı mərhələdən başladı, işlər hansı mərhələdədir, konkret olaraq hansı məkanlarda işlər aparılır, hansı tipdə işlər həyata keçirilir – “Marneuli” radiosunun bu suallarına “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” direktor müavini Quqa Kakabidze cavab verir.

Onun sözlərinə görə, bələdiyyədə indiki mərhələdə səfərbərlik və hazırlıq işləri aparılır. Ancaq elə yerlər var ki, fiziki işlərə artıq başlanılıb. Onlardan biri Tsereteli kəndidir.

“İki ay ərzində bütün şəhər miqyasında işlərin tam həyata keçirilməsinə başlanması gözlənilir. İndiki mərhələdə Marneuli şəhərində və ətraf kəndlərdə, su təchizatı baxımından nəzərdə tutulan kəndlərdən biri Tseretelidir. Orada indi mövcud boruların yerləşdirilməsi və qalan hissələrin quraşdırılması işləri aparılır. Bununla yanaşı şəhərin mərkəzi su anbarının tikinti işləri həyata keçirilir və artıq gələn həftədən dörd yerdə kanalizasiya şəbəkəsinin quraşdırılması işlərinə başlanılır. Onlar arasında Nizami küçəsi və Nərimanov küçəsindəki dalanlar da var. Fiziki işlərlə yanaşı, əlavə olaraq gələn həftə ərzində üç-dörd yerdə işlər aparılacaq. Gələn iki ay ərzində bütün şəhərin əhatə olunması və bu layihənin həyata keçirilməsinə təxminən 100 nəfərin qoşulması planlaşdırılır”,
– Quqa Kakabadze bildirdi.

“Birləşmiş Su Təchizatı Şirkətinin” direktor müavininin sözlərinə görə, qeyd olunan işlərlə yanaşı Sabirkənddə kanalizasiyaları təmizləyən tikilinin tikintisi aparılır. Tikinti indi fəal fazadadır və onun başa çatdırılması 2023-cü ilin sonuna nəzərdə tutulub. Su və kanalizasiya sisteminin tikintisi layihəsinin başa çatdırılması isə 2024-cü ildə nəzərdə tutulur.

“Bütün Marneuli (bütün şəhər), eləcə də su təchizatı və kanalizasiyaların infrastruktur işlərinin nəzərdə tutulduğu ətraf kəndlərdə 2024-cü ilin birinci yarısında işlər başa çatacaq. Ancaq mərhələlərlə, altı hissəyə bölünüb. Hər bir hissə mərhələli şəkildə başa çatacaq və müvafiq olaraq, bütün işlər 2024-cü ilə qədər tamamlanacaq”,
– Quqa Kakabadze bildirdi.

İşlər çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası və hovuzlar qurulacaq. Əlavə olaraq yeni kanalizasiya şəbəkəsi və müasir standartlara uyğun təmizləyici tikili qurulacaq.
Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artıq pul xərclənəcək.

Layihə nəticəsində Marneuli əhalisi 24 saatlıq su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin olunmalıdır.

Qeyd edək ki, Marneulidə si təchizatı sisteminin dəyişdirilməsi barədə hələ 2018-ci ildən müzakirələr başladı. 4 il əvvəl Marneuli bələdiyyəsinin 35 200 nəfərə qədər sakininə 24 saat ərzində içməli suyun olacağı vədi verilib. Layihənin Marneuli və kəndlərdə həyata keçirilməsinə 2019-cu ildən başlanıldı. Yollar qazıldı, borular çıxarıldı, infrastruktura ziyan dəydi, sıradan çıxmış yollara görə ictimai nəqliyyat, sakinlərin avtomobilləri xarab oldu. Layihəni “Akelik Group” 2021-ci ilin mart ayına qədər bitirməli idi. Amma şirkət öhdəliyini yerinə yetirə bilməyib. Buna görə də 55 940 022 dollar dəyərində olan layihə dayandırılıb. “Akelik Group” işçilərə əməkhaqqı verə bilmədi. Buna görə də şirkətə qarşı məhkəmə işi başladı. Məhkəmə nəticəsində şirkətə 9 işçinin maaşını ödəmək öhdəliyi qoyuldu.

Print ელ. ფოსტა
FaceBook Twitter Google