Marneulili idmançılar Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər (VİDEO)
Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirmələri 16-18 dekabr tarixlərində Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Dünya və Avropa çempionu Teimuraz Apxazava adına yeniyetmə və gənclər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışa Marneulidən altı idmançı qatılıb. Onların üçü yeniyetmə, üçü isə uşaq olub.

“Olimp İdman Məktəbi”nin baş məşqçisi Təbriz Bağmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar komanda olaraq həmin yarışa çox yaxşı hazırlaşıblar.

“Biz müəllimlər hər bir tələbəmizə fərdi yanaşdıq. Hazırlıq prosesi yaxşı keçdi. Yarış da güclü idi. Birinci dəfə idi ki, beynəlxalq turnirdə iştirak edirdik. Olimp idman məktəbinin yetirməsi olan Hüseyn Mansurov dörd görüş keçirdi. Onların üçündə qələbə qazanaraq finala yüksəldi. Finalda isə Macarıstan idmançısına məğlub oldu, gümüş medal qazandı. Bu cür yarışlarda qazandığımız medallar bizim məqsədimizə doğru irəlilədiyimizi göstərir. Bizim məqsədimiz Avropa, dünya çempionu yetişdirməkdir”, – Təbriz Bağmanov dedi.

Çempionat 2006-2008 və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında keçirilib. Yarışda 400-ə yaxın idmançı iştirak edib. İdmançıların məşqçisi Elşən Qocayevin sözlərinə görə, onların idmançıları ilk dəfə beynəlxalq yarışda iştirak ediblər. Həmin yarış onlar üçün uğurlu keçib.

“Yarışa Hüseyn Mansurov, Nizami Qasımov, Nasir Bayramov, İmran Bayramov, Mansur Bayramov, İbrahim Əlləzov qatıldı. İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandamız yaxşı nəticə göstərdi. İdmançının təcrübəsini artıran yarışlardır. Hər yarış başqa bir həyəcan, başqa bir təcrübədir. Yarışda tələbəmiz kiçik səhvə görə finalda məğlub oldu. Biz ümumilikdə hər bir tələbəmizin görüşlərini analiz edirik. Udub-uduzduqları hər görüşün xallarını, etdikləri və edə bilmədikləri fəndləri, buraxdıqları səhvləri analiz edib, üzərində işləyirik. Növbəti yarışlara hazırlaşırıq. Hüseyn Mansurov gözəl güləş göstərdi. Macar idmançısına qalib gələ bilərdi. Amma parterdə buraxdığı xırda səhvə görə, görüş əldən getdi. Ümumilikdə çox peşəkar güləş göstərdi. Ona ümidlərimiz böyükdür”, – məşqçi Elşən Qocayev bildirdi.

Turnirdə Gürcüstan pəhləvanları ilə yanaşı, Türkiyə, Ukrayna, Latviya, Macarıstan və Ermənistan güləşçiləri də iştirak ediblər. Marneulili idmançı Hüseyn Mansurov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun rəqibləri güclü idmançılar olub. O, çalışıb ki, qələbə qazansın.

“İlk iki rəqibimin üzərində vaxtından əvvəl qələbə qazandım 9-0 və 10-0. Yarımfinala vəsiqə qazandım. Yarımfinaldakı rəqibimi 3-1 hesabı ilə məğlub edərək, qalib gəldim. Bununla da finala yüksəldim. Finaldakı rəqibim Macarıstan idmançısı idi. İlk hissədə qələbə qazansam da, 2-ci hissədə səhv buraxdım və məğlub oldum. Turniri ikinci yerdə başa vurdum. Hər yarış bir təcrübədir. İlk dəfə idi ki, beynəlxalq turnirdə iştirak edirdim. Başqa ölkələrin idmançıları ilə qarşılaşmaq, onlarla güləşmək təcrübəmizi artırdı. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Mənim məqsədim Avropa, dünya olimpiya çempionu olmaqdır. Mən bunu edəcəyəm”, – Hüseyn Mansurov dedi.

Turnirin sonunda qaliblərə medal, diplom və kuboklar təqdim olunub.

Qeyd edək ki, turnir Kutaisi meriyası tərəfindən təşkil olunub. Məqsəd Yunan-Roma güləşinin populyarlaşdırılması və idmanın inkişafıdır. Turnirin açılışı mərasimində Kutaisi meri İoseb Xaxaleişvili, deputat Zaza Lominadze və Teymuraz Apxazava da iştirak ediblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google