Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən
Gürcüstan Ruhaniləri Heyətinin üzvləri İsveçin Stokholm şəhərindəki
Türkiyə səfirliyinin qarşısında
Danimarkanın “Sərt Kurs” Partiyasının lideri Rasmus Paludan
tərəfindən Quranın yandırılmasını pisləyiblər.
Bununla bağlı “BGMİ” bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bağışlayan və mehriban Allahın adı ilə
“Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda
olsanız, yolunu azmış kəs sizə heç bir zərər yetirə bilməz (hərçənd
ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha
tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.”
(Maidə, 105)
Səmavi kitabların sonuncusu olaraq bəşəriyyətin hidayəti üçün Allah
tərəfindən endirilən Qurani-Kərimin yandırılıması insanlıqdan uzaq
iyrənc bir əməldir. Özünü dünyaya sivil, azadlıqsevər, insan
haqlarına diqqət edən, demokratiya dəyərlərinin müdafiəçisi kimi
göstərən bir ölkədə ilahi kitaba hörmətsizlik milyonlarla
müsəlmanın heysiyyətinə toxunmaqla dini zəmində qarşıdurmaya təhrik
edən nifrət çağırışıdır. Təəsüflə son illərdə ABŞ və bəzi Avropa
ölkələrində islamofobiya və ksenefobiya məqsdələri üçün atılan belə
addımlara çox rast gəlinilir.
Biz bütün dünya ictimaiyyətini bu məsuliyyətsiz və mənəviyyatsız
hərəkətə qarşı birgə olmağa, ciddi qınaq mövqeyindən çıxış etməyə,
təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını
almaqda həmrəy olmağa çağırırıq. Dinlərin dəyərlərinin və
atributlarının təhqir olunması hallarını qətiyyətlə
pisləyirik”.