Marneuli gənclərinin “tormozlanmış” imkanları
Gülgün, Tea və Edqar Marneulili gənclərdirlər. Üç müxtəlif icma nümayəndəsi olan gəncin bələdiyyədə ümumi problemləri var.

Gülgün üçün kənddə gənclərin toplaşa, fikirlərini bir-biri ilə bölüşə, inkişaf edə biləcəyi məkanlar kifayət qədər deyil. Teanın universitetdən sonra Marneulidə dostları ilə birlikdə əylənmək, dərs oxumaq və ya sadəcə boş vaxtını keçirmək üçün məkanı yoxdur. Edqar isə Marneulidə gənclərin müstəqil və açıq şəkildə bir-biriləri ilə ünsiyyət qura biləcəyi, ideyalarını bölüşəcəyi, ümumi problemlərinin həlli üçün gələcək planlar quracağı məkanın olmasını istəyir.

“Mənim 20 yaşım var və artıq üçüncü kurs tələbəsiyəm, amma bu il ilk dəfə auditoriyada oldum, çünki onlayn təhsil auditoriya rejiminə keçdi. Demək istəyirəm ki, onlayn və auditoriya təhsili bir-birindən tam fərqlənir. İndi həqiqətən də tələbə olduğumu hiss edirəm. Marneuli və Tbilisinin tələbəlik həyatını müqayisə etsək, görərik ki, çox fərqlidir və ümumi olan çox az şeylər var. Misal üçün, Tbilisini götürsək, tələbənin məruzə və seminarlardan sonra yorğun şəkildə, günün ikinci hissəsini keçirməsi üçün yerlərin olması baxımından çox inkişaf edib. Abadlaşdırılmış çox sayda parklar var və burada müxtəlif fəaliyyətlərlə məşğul ola bilərsən. Marneulidə isə bu çox azdır. Tbilisidə çox sayda kafelər var, yaxşı yeməklərdən əlavə yaxşı məkanlardır, kitab oxuya, distant işləyə, öyrənə bilərsən. Marneulidə belə yerlər çox azdır. Mən şəxsən Marneulidən universitetə gedirəm və Tbilisidə dərs oxuyacağım, dostlarımla birlikdə vaxt keçirəcəyim belə kafelərdə çox vaxt keçirirəm. Ancaq Marneulidə seminardan qayıtdıqdan sonra gedə biləcəyim və bir neçə saat dərs oxuyacağım belə yer tanımıram. Marneulidə gənclər üçün demək olar, heç nə yoxdur”, – Tea Şvelidze deyir.

20 yaşlı Tea bildirir ki, Marneulidə Tbilisi ilə müqayisədə gənclərin vaxt keçirə biləcəyi məkanlar yoxdur. Digər tərəfdən isə 24 yaşlı Gülgün deyir ki, gənclər üçün kəndlərdə ümumiyyətlə məkanlar yoxdur.

“Kənddə yaşayan gənclərin problemi şəhərdə yaşayan gənclərdən daha çoxdur. Çünki gənclərin boş vaxtlarını keçirə biləcəyi məkanlar yoxdur. Kənddə yaşayan gənclər qeyri-formal təhsildən daha çox kənarda qalırlar. Çünki bəzi kəndlərdə nəqliyyat problemi var və bu layihələrə qoşulmaq üçün mərkəzə gedə bilmirlər. Bəzisinin maddi problemi var və bu da problemdir. Kənddə məkanlar olsa, o zaman əminəm ki, gənclərin daha çox inkişaf etmək imkanı olacaq”, – Gülgün Məmmədxanlı bildirir.

“Marneulidə gənclərin toplaşa, müəyyən layihələr üzərində işləyə biləcəyi məkanlar olmalıdır. Bəli, kitabxana var, amma buradan yalnız mütaliə üçün istifadə edə bilərsən. Sərbəst şəkildə gedə, öz leptopunu apara və işləyə biləcəyin məkan olmalıdır. Məkan çatışmazlığı həqiqətən də böyük problemdir. Amma mən hesab edirəm ki, Marneulili gənclərin əsas problemi şəhərlərarası nəqliyyatdır. Çünki tələbələr axşam saatlarında Tbilisidən Marneuliyə qayıda bilmirlər. Əsas nəqliyyat probleminə diqqət yetirilməlidir. Çünki nəqliyyat çox məhdudiyyət yaradır. Misal üçün, Tbilisidən tez qayıtmalı olursan, buradan da tez getməlisən və nəqliyyat üçün ayrılmış vaxt çox vaxtımızı aparır və müvafiq olaraq gün qrafikini müəyyən edə bilmirsən. Bəzi tələbələr Tbilisidə qalmalı olurlar, indi mənzil icarələrinin qiyməti də çox artıb, onlara çox problem yaradır”, – Edqar Mazmanyan bildirir.

Edqar Mazmanyanın sözlərinə görə, nəqliyyat problemi tələbələr arasında inteqrasiya prosesini də çətinləşdirir. Çünki Marneulili gənclər mühazirələrdən sonra dərhal evə qayıtmalı olurlar. Buna görə də kurs yoldaşları ilə birlikdə müxtəlif fəaliyyətlərlə məşğul ola bilmirlər. Edqar kimi İlia Universitetinin üçüncü kurs tələbəsi Tea Şvelidze də universitetə gedir. Teanın hərəkət etməklə bağlı çox problemi yaranır, çünki onun kəndi Marneuli şəhərindən bir neçə kilometr məsafədə yerləşir. Buna baxmayaraq, axşam saatlarında ictimai nəqliyyat olmadığına görə yolda qalması ilə bağlı çox halları xatırlayır.

“Mənim oxuduğum universitetdə çox sayda Marneulili tələbə var. Yalnız gürcülər deyil, azrəbaycanlılar, ermənilər və başqa etnos nümayəndələri. Həmin uşaqlarla gündəlik ünsiyyətim var və deyirlər ki, nəqliyyat olmadığına görə vaxtında auditoriyaya gedib çatmaqla bağlı problemləri olur. Ona görə ki, kəndlərdə nəqliyyat məsələsi çox ciddi şəkildə mövcuddur. Dəfələrlə olub ki, şəhərə gəlmişəm, ancaq kəndə marşrutka olmayıb. Çünki ya məruzə, ya da seminar gec qurtarıb, çata bilməmişəm. Saat 7-dən sonra fiziki olaraq evə heç nə ilə gedə bilmirəm. Bu məsələlər üzərində işləyən təşkilatlar və orqanlar nəzərə almalıdırlar ki, mənim kimi universitetdə oxuyanların bəzi məruzələri saat 8-9-da bitir və təsəvvür edin, kəndə getməli olan tələbənin məruzəsi saat 9-da bitirsə, Tbilisidən Marneuliyə necə gələcək? Marneuliyə gəlsə də, evə, kəndə necə getsin? Yeganə çıxış yolu taksidir. Saat 5-də belə taksi ilə evə getsəm, 10 lariyə də aparmazlar. Axşam saatlarında isə qiymətlər daha da artır. Mənim nəqliyyat problemim tez-tez olmur, çünki çalışıram, universitetdən vaxtında çıxım. Amma əgər bacarmasam, axşam saatlarında evə getməyim böyük problem olur”,
– Tea Şvelidze bildirdi.

Tea və Edqar kimi Gülgünü də nəqliyyat problemi narahat edir. O, bildirir ki, onun yaşadığı kəndə bələdiyyə nəqliyyatı işləyir. Amma Tea kimi axşam saatlarında evə qayıtmaqda çox çətinlik çəkir. Çünki nəqliyyat yalnız saat 6-ya qədər hərəkət edir. Gülgünün sözlərinə görə, nəqliyyatla bağlı onun dostunun çox böyük problemi olur. O, Baytallı kəndində yaşayır, oraya isə bələdiyyə nəqliyyatı hərəkət etmir.

Marneuli meriyasında tələbələrin nəqliyyat problemi ilə bağlı məlumatları var. Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, pandemiya başlayana qədər, 2020-ci ildə, yerli özünüidarə Gürcüstan Dəmiryolu və Bolnisi meriyası ilə danışıqlar aparırdı ki, tələbələrin nəqliyyat məsələsi ilə bağlı vahid yanaşma hazırlansın. Dekanoidzenin sözlərinə görə, universitetlər onlayn təhsil rejiminə keçdikdən sonra bu istiqamətdə işlər dayandırıldı. Marneuli meriyası 2023-cü ildə gənclərə dəstək istiqamətində 110 000 lari ayırıb. Proqrama görə, gənclərin inkişafına dəstək olacaq və institusional olaraq formalaşdırılmış sistem yaradılmalıdır. Həmin sistem gənclərin qərarların qəbulu prosesində iştirakını təmin etməlidir.

“Proqramın məqsədi və gözlənilən nəticə qeyri-formal təhsil, məlumatın əlçatanlığı, təhlükəsiz, sağlam mühitin yaradlması, bərabər imkanlardır. Bələdiyyə Məclisi tərəfindən təsdiq edilmiş “Təşəbbüslərin qarşılıqlı maliyyələşdirilməsi və gənc ideyaların həyata keçirilmə qaydası”na müvafiq olaraq, gənc təşkilatlar, təşəbbüs qrupları və fəal gənclər tərəfindən təqdim edilmiş layihələrin maliyyələşdirilməsi üçün gənc ideyalar müsabiqəsi elan olunacaq. Marneuli Bələdiyyə Məclisi tərəfindən təsdiq edilmiş “Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş tələbələrin gediş haqqında dəstək göstərmə qaydası” və “Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş uğurlu tələbələrin həvəsləndirilməsi qaydasına” uyğun olaraq, tələbələrin həvəsləndirilməsi məqsədi ilə mer mükafatı veriləcək. Özünüidarə tərəfindən, akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin fəal tələbə statusu olan tələbələrinin gediş haqqı təmin olunacaq”, – 2023-cü ilin büdcəsində yazılıb.

Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində gənclərin inkişafı istiqamətində bir neçə komponentə pul ayrılıb. Marneuli Mədəniyyət Mərkəzi və Marneuli İdman Məktəbinin maliyyəsi artırılıb. Qeyd olunan təşkilatlar əsasən gənclər istiqamətində işləyir və müxtəlif incəsənət, yaxud idman dərnəklərini idarə edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google