Saqareco rayonunun Ləmbəli kəndində uşaq bağçası tikilə bilər.
Bununla bağlı dekabr ayında yerli sakinlər Saqareco bələdiyyəsinə
550 imzadan ibarət olan petisiya ilə müraciət ediblər.
Mülki fəal Tozu Gülməmmədova “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, Qaraçöp icmasında 9 kənd var və yalnız bir kənddə uşaq
bağçası fəaliyyət göstərir. Həmin uşaq bağçasına isə 27 uşaq qəbul
edilir.
“Bələdiyyənin əhalisinin üçdə biri bizim 9 kənddə
yaşayır. Uşaqlarımız tamamilə bağçadan kənarda qalıb. Dekabr ayında
550 imza ilə meriyaya petisiya daxil etdik. Təqdim etdiyimiz
petisiyada Ləmbəli kəndində uşaq bağçasının tikilməsini tələb
edirdik. Bizim meriyaya daxil etdiyimiz müraciət bu gün Bələdiyyə
Məclisi tərəfindən müzakirə olundu və dəstəkləndi. Tələbimiz
meriyaya göndəriləcək və son olaraq qərarı meriya verəcək. Bizə
Bələdiyyə Məclisindən bildirdilər ki, bu il ərzində 90 faiz Ləmbəli
kəndində uşaq bağçası tikiləcək”.
Ləmbəli kəndi Qaraçöp icmasında ən böyük
kəndlərdən biridir. Mülki fəalın sözlərinə görə, həmin kənd
bağçasız qalıb.
“Ümumilikdə Saqareco bələdiyyəsində 29 bağça tikilib.
Sadəcə o bağçalardan biri bizim kənddədir. Qaraçöp icmasındadır.
Həmin bağçaya isə 27 uşaq qəbul olunur. Sadəcə 9 kəndin birində
bağça var. O da Düzəyrəmdədir. Biz indi Ləmbəlidə tikilməsini
istəyirik. Çünki SOCAR tərəfindən Keşəlidə bağça tikilməsi ehtimalı
var. Əgər Keşəlidə tikiləsi olsa belə, Ləmbəlinin uşaqlarına
yetməyəcək. Ləmbəlini ona görə seçdik ki, iki Ləmbəli var. Yəni
Yuxarı və Aşağı Ləmbəli kəndlərinin uşaqları ilə yanaşı Tüllər
kəndinin uşaqları da bağçaya gedə bilsinlər”.
Tozu Gülməmmədovanın sözlərinə görə, Qaraçöp əhalisi ilk dəfədir
ki, meriyaya petisiya ilə müraciət edir. O, düşünür ki, bu çox
yaxşı bir tendensiyadır. Gülməmmədovanın dediyinə görə, indi onları
narahat edən kənddə gedən körpüdür. Həmin körpünün bərpası ilə
bağlı müraciət etməyi də düşünürlər. Bundan başqa içməli su və
digər problemlərlə bağlı da meriyaya müraciət etməyi
planlaşdırırlar.