Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid
olan baş leytenant Orxan Əsgərovun yas mərasimi Gəncə şəhərindəki
ata evində davam etdirilir.
Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və
Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili iştirak
ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər
rəsmilər şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı
veriblər.
Törədilən terror aktının araşdırılmasının şəxsən ölkə rəhbərliyinin
nəzarətində olduğu bildirilib.
Xatırladaq ki, yanvarın 27-də səhər saat 8:30 radələrində
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”
markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq,
mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki
nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və
ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik
nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində
şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında
dəfn edilib.